Oxunma sayı: 267

Sual #339 : Şeyx Xalid Osman – Əməş (“salaf-forum”un rəhbəri) Hələbinin yolundadır.


Şeyx Xalid Osman haqqında alimlərin tərifi:

1. Cərh və tədil imamı, alləmə Rabi ibn Hadi əl–Mədxali:
Xalid ibn Muhəmməd ibn Osman sələfidir, kitabları və mənhəci gözəldir, yazdıqları kitablardan razıyam və belə görürəm ki, Misirin məscidlərindən birində dərs deməlidir.

Şeyx barədə pis danışanlara rədd edərək deyir:

Mən şahidlik edirəm ki, Xalid iki gecəyə kitab yazmışdır. Bu kişidən daha sürətli və daha güclü zehinli birini görmədim.. O, iki–üç gecədə yazdığı “Unsur əxakə zalimən əv mənsuran” kitabını Allaha and olsun ki, mən bir aya hazırlaya bilməzdim.

2. Şeyx Yusuf əd–Dəxil demişdir:
Xüsusən də, Şeyx Rabi sənə sonsuz dərəcədə etibar edir.

3. Alləmə Muhəmməd ibn Abdul–Vəhhab əl-Bənnə:
Misir cavanlarına nəsihət edirəm ki, sələfi elm əhlinə sarılsınlar və bu elm əhlindən də, biri gözəl kitablar və faydalı təhqiqatlar müəllifi Şeyx Əbu alə Xalid Osmandır. Şeyx Xalid Osman bizim yanımızda elmi hüccətinin gücü ilə, sələfi mənhəci üzərində düzgün durması ilə tanınmışdır.

Həmçinin şeyx Xalid Osmanı tərifləmiş alimlərdən:

4. Alləmə Zeyd əl–Mədxali
5. Alləmə Həsən AbdulVahhab əl–Bənnə
6. Şeyx Abdul-Muhsin Munif
7. Şeyx Abdur-Rahmən Muhyiddin
8. Şeyx Muhəmməd ibn alləmə Rabi əl–Mədxali
9. Şeyx Fələh Məndəkər

Şeyx Fələh Məndəkər Şeyx Xalidin Əli Həsən əl-Hələbi və Məşhur barədə yazdığı “əl–Hududu əl-Fasilə” kitabının sonunda Şeyx Xalidi tərifləmiş və ondan çox faydalandığını bildirmişdir.

(Vaxta qənaət edərək məsdərləri təqdim etmədik)

Tarix: 2018-01-28

Cavab #339 : Şeyx Xalid Osman – Əməş (“salaf-forum”un rəhbəri) Hələbinin yolundadır.


Sual:

Sizdən Əməş ləqəbli rusiyalı haqqında soruşmaq istəyirəm, o Hələbiyə tabedir və onun qaydalarını təbliğ edir. “Mənə zəruri deyil”, “cərhi qəbul etmək üçün icmanın olması şərtdir” və digər qaydaları misal çəkmək olar. O həmçinin alimlər haqqında (pis) danışır. Şeyx Rabi, Şeyx Ubeyd və digər alimlər haqqında danışır. Məsələn belə deyir: “Mən şeyx Rabinin mübaliğəsini (ğüluv etməsini) qəbul etmirəm.” “Şeyx Rabi və onunla olanların cərh və tədil mövzusunda özünəməxsus mədrəsələri vardır.” – yəni, şeyx Rabi bu məsələdə böyük alimlərin yoluna müxalifdir.

Həmçinin deyir ki, mənim əlimdə Şeyx Rabinin əleyhinə kifayət qədər səsli və yazılı materiallar vardır. Şeyx Ubeyd haqqında isə deyir ki, o elə havada cərh edir. Yəni, araşdırmadan, bilmədən və heç bir şey olmadan cərh edir. O həmçinin böyük sələflərə də tənə edib deyir ki, böyük sələflər kəskin şəkildə, nəfslərinə uyaraq və təəssübkeşliklə cərh edirdilər. Həmçinin deyir ki, alimlər bəzən haqq sözü söyləmirlər, çünki əzmkarlıqları zəifdir.

O cümlədən deyir ki, Hələbinin cərh və tədildəki mənhəci, böyük alimlərin mənhəcidir. Bu alimlərin də, başında İbn Bəz, Albani və İbn Useymin durur. O həmçinin deyir ki, insaflı davranış budur ki, biz Hələbinin onu cərh edənlərə verdiyi cavabları öyrənməliyik. Sən öyrən gör onlar Hələbi haqqında nə deyiblər, Hələbi də onlara necə cavab verib. Bundan sonra özün seç və kiminlə olduğuna qərar ver. O həmçinin deyir ki, ay qardaşım məsələ olduqca asandır. Şəxslər barədə fikir ayrılığı daim olub, var və Qiyamət gününə qədər olacaqdır. Qardaşım, bu məsələdə icma olan deyildir. İkisindən birini seç və Allaha şükür et. Əgər hər hansı birini seçməsən, onda hər tərəfə “salamat ol” deyib yoluna davam et.

O ki, qaldı şeyx Əhməd Bəzmulun “Siyanətus Sələfiy” kitabına gəldikdə isə deyir ki, bu kitab boş yazılardan ibarətdir. Həmçinin deyir ki, Əbdülməlik Ramadaninin “kiminsə kimsə haqqında danışması hüccət deyildir” sözü çox xoşuma gəlir. Həmçinin deyir ki, şeyx Rabi özü “Mənə zəruri deyil” qaydasını istifadə edir. Onun bu və digər belə müsibətli fikirləri vardır. Sizdən bu şəxs haqda bir açıqlama verməyinizi xahiş edirik.

Şeyx Xalid Osman:

Bismilləh. Allaha həmd olsun. Peyğəmbərinə, ailəsinə, əshabına və Qiyamətə qədər onun ardınca gedənlərə salavat və salam olsun.

Haqq ilə batil arasında olan mübarizə davam etməkdədir və bu Qiyamətə qədər davam edəcək. Batilin vəsfi onun puç olmasıdır. Kimsə onun əsaslı olduğunu zənn etsə də, batil puçdur. Batil puç olmağa məhkumdur.

“Həqiqətən batil puçluğa məhkumdur.” (əl-İsra: 81)

Necə ki, müşriklər batil yollarla Peyğəmbərə (sallAllahu aleyhi və səlləm) qarşı mübarizə aparır, dəvəti haqqında batil yolla şübhə yayırdılar ki, onun dəvətinin haqq üzünü pis göstərsinlər, lakin onların bu cəhdləri sonda uğursuzluq və məğlubiyyətlə nəticələnirdi. Beləliklə onların bütün cəhdləri, planları puç oldu. Gözəl nəticə isə həmişə peyğəmbərin (sallAllahu aleyhi və səlləm) olurdu. Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) yolu ilə gedənlər üçün də eyni nəticə vardır. Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) mirasının həqiqi varsiləri Rəbbani alimlərdir. Allahın qədəri ilə onlar səfehlər və nəfslərinə uyanlarla mübtəla olurlar. Onları yalançılıqda, fırıldaqçılıqda ittiham edir, barələrində şübhələr yayırlar. Yəni, alimlər bu cür insanlardan sığortalanmayıblar. Lakin Allah onları qoruyur və uzun vaxt keçsə də, gözəl sonluğu onlara nəsib edir.

Haqqında soruşulan şəxs yeni bir fikir gətirməyib. O sadəcə öz şeyxi Hələbinin şübhələrini təkrar edir, necə deyərlər onun dediklərini qusur. Yəni, Əli əl–Hələbinin şübhələrini qusur. Beləliklə Hələbinin üsulu ilə alimləri alçaltmaq istəyir. Mən də ona 0 dediyi kimi deyirəm ki, əgər insaflısansa Əli Hələbinin qaydalarını oxu, daha sonra isə alimlərin ona rəddiyyələrini oxu. Ələlxüsus da, şeyximiz alləmə şeyx Rabi bin Hədinin bu qaydaları Quran və Sünnə dəlilləri əsasında puç edən rəddiyyəsini oxusun. Əgər dərk edənsənsə başa düşərsən. Bilməmək bir müsibətdir, əgər bilərəkdən bunu edirsənsə müsibət daha da böyükdür. Bu adam bidətçilərin üsulu ilə gedərək tərəfkeş mövqeyindən çıxış edir. O şeyxinə təəssübkeşlik edir və istəyir ki, bu sözləri ilə onun batil qaydalarını ört–basdır etsin.

“Mənə zəruri deyil” qaydasına gəldikdə bu qayda Hələbinin qaydasıdır, bunu əsrlər boyu heç bir cərh və tədil alimi söyləməyib. Cərh və tədil kitablarında belə bir qayda yoxdur ki, hər hansı bir alimə dəlillər əsasında hansısa bir məsələ deyilsin, o da belə cavab versin ki, mənim üçün bu fikri qəbul etmək, kiminsə sözünü götürmək zəruri deyildir. Yəni, filankəsin dediyi dəlillərə əsaslanırsa da, mənim bunu qəbul etməyim zəruri deyildir. Belə bir qaydanı əvvəllər heç kəs deməyib. Bunu yalnız Hələbi söyləyib və bu işdə o, Əbul Həsənə əsaslanmışdır. O Əbul Həsən ki, bu fitnəni alışdırmış və Əli Hələbini də öz yoluna cəlb etmişdir.

Əgər alim cərh və tədil elmində danışırsa, ələlxüsus, əgər həmin alim bu elmdə püxtələşmiş, təcrübəli biridirsə, o, Quran və Sünnə əsaslarına, sələfi salehin mənhəc əsaslarına müxalif olan kiminsə halını bəyan edirsə, onun sözünün qəbul edilməsi vacibdir. Əgər qəbul edilməzsə, din yox olub gedər. Amma əsas odur ki, danışan şəxs alim olsun, etibarlı olsun.

Qədimdə cərh və tədil alimləri bidət əhlindən çəkindirdikdə, onların bidətlərini bəyan etdikdə, bütün müsəlmanlar onların sözlərini qəbul edirdilər, o ki qaldı elm əhli olsun. Misal üçün İmam Şafii demirdi ki, Malikin təfsilatlı cərh etdiyi filankəs haqqında sözü mənim üçün zəruri deyil, yaxud mən onun sözünü qəbul etmirəm. Həmçinin İmam Əhməd demirdi ki, Şafiinin filankəs haqqında dediklərini qəbul etməyim zəruri deyil. Ona görə də bu olduqca qəribə sözdür və heç kəs belə bir qayda qoymayıb. Bunu müasir vaxtımızda yalnız Hələbi söyləyib. Hələbi yaxşı bilir ki, Rabi bin Hədi hədis elminin böyük alimlərindəndir. O bunu inkar etmir. Bunu yalnız təkəbbürlü insan inkar edə bilər. Hətta son günlər Hələbinin ardıcılları bu alimə qarşı şər və böhtan atmaqlarına rəğmən, onlar özləri də istəmədən şeyx Rabinin alim olduğunu deməyə məcbur olurlar. Onlar şeyxin hədis elmində alim olduğunu inkar etmirlər. Lakin onlar şeyxin dəlillərə əsaslanmış fikrinə önəm vermirlər. Onlar əllərində heç bir dəlil olmadan öz nəfslərinə uyur, təəssübkeşlik edirlər. Hizbiçilər də belə edirlər. Seyyid Qutuba, Həsən əl–Bənnaya, Movdudiyə, Muhəmməd Həssana, Huveyniyə və onlara oxşar bidət əhlinin başçılarına təəssübkeşlik edənlərlə onların halı eynidir. Onlar də Əli Hələbiyə təəssübkeşlik edirlər. Onların hamısı Sünnə əsaslarına müxalif olan batil qaydalar qoyub cahil ardıcıllarından bu qaydalarda onları dəstəkləməyi tələb edirlər. Əgər onlar oturub fikirləşsələr, səhvlərini başa düşərlər. Bu insanlar danışmadan öncə sələfin mənhəcinin əsaslarını öyrənməlidirlər.

Haqqında soruşulan bu şəxs – Əməş ləqəbli şəxs. Bu Əməşlə, gözləri elmdə kor olan Əməş adlı hədis alimi arasında böyük fərq vardır. Bu da Əməşdir (Ərəb dilində kor deməkdir – tərc.), lakin haqqı görməyən. Qədimdə hədis alimi olmuş Əməşin adı Süleyman bin Məhrandır. Rəvayət sənədlərinin dövrə etdiyi altı nəfərdən biri olmuşdur. Necə ki, Əli bin əl–Mədini demişdir:

“Mən isnadlara baxdıqda gördüm ki, onlar altı nəfər üzərində dövrə edir…” Onlardan biri də Əməşdir.

Sözümün məğzi budur ki, bu insan yeni bir şey gətirməmişdir. Onun dediklərinin hamısına alimlər Hələbiyə rədd cavabı verərkən münasibət bildiriblər.

O ki qaldı Hələbinin cərh və tədildə mənhəcinin İbn Bəz, Albani, Useyminin mənhəci ilə eyni olması iddiasına – yalan danışırsan. Allaha and olsun bu yalandır. Onun mənhəci nə İbn Bəzin, nə Albaninin, nə də Useyminin mənhəci deyil. O cərh və tədil məsələlərində onların mənhəcindən çox uzaqdadır. Albanidən misal gətirək. Çünki Hələbi Albaniyə çox istinad edir, özünü onun tələbəsi hesab edir, ondan faydalandığını deyir. Amma əslində ondan heç bir fayda əldə etməmişdir. Hətta tələbəsi olmusansa belə, Albaninin bidət əhlinə cavabları baxımından ondan heç nədə faydalanmamısan. Albaninin bidət əhli ilə mübahisələrini, onun bidətçiləri gətirdiyi dəlillərə tabe olmağı tələb etməsini ehtiva edən dərslərini dinləyən hər kəs, Albani ilə Hələbi arasında böyük fərqi görmüş olar. Fərq çox böyükdür. Albani imam idi. Sünnə əhlinin imamı idi. Sünnəni müdafiə edir, onu qoruyurdu. Heç kəsə görə Sünnədən imtina etmirdi. Hələbi isə filankəsi yola verir, filankəsə xoş görsənir… Nə üçün? Hamını birləşdirmək üçün. Əslində o, Həsən əl-Bənnanın qaydasını yeni surətdə təqdim etməkdədir. Həmin qaydanı da Həsən əl-Bənna Rəşid Ridadan götürmüşdü. Qayda “üzrxahlıq və əməkdaşlıq” qaydası adlanır. İttifaq etdiyimiz məsələlərdə bir olaq, fikir ayrılığı olan məsələlərdə isə bir–birimizi üzrlü hesab edək. Hələbi bu qaydanı götürüb yeni sözlərlə ifadə edərək deyib: “Başqası haqqında ixtilafımızı, öz aramızda bölünməyə səbəb etməyək.”

Məsələn mən, filankəsi bidətçi, hətta bidətçilərin başçısı hesab edirəm. Onların sələfin mənhəcinə müxalif mənhəcdə olduğunu etiqad edirəm və bu haqda mənim dəlil-sübutlarım var və mən onların hamısını bəyan etmişəm. Əli Hələbi isə həmin adamı bidətçi hesab etmirsə, mənim bu haqda onunla ixtilaf etməyim düzgün deyildir. Əli Hələbi də bu bidətçi ilə iş birliyi qura, insanlara onu yaxşı təqdim edə və insanlarla onun əlaqəsini yaxşılaşdıra bilər. Amma mən bu haqda ona etiraz edə bilmərəm. Hələbi istəyir ki, belə olsun. Qəribəsi isə budur ki, o, zəlalətindən və azğınlığından dolayı, yaxın keçmişdə tənə etdiyi, haqqında danışdığı adamları indi tərifləyir. O, Əbu İshaq əl-Huveyni haqqında deyirdi ki, Əbu İshaq əl–Huveyni hədis əhlindən çıxıb, nağılbazlıq edir. – bu mənada bir söz deyirdi. O zaman dediyi bu söz əslində doğru sözdür. Amma nədənsə bir gecənin içində Əbu İshaq əl–Huveyni Hələbinin gözündə dəyişib Albaninin böyük tələbəsi, insanların hədis və sünnə elmində etibar edəcəyi alim oldu. Yaxşı, bəs hanı Huveyninin zəlalətləri, hansı ki, sən özün ondan təhzir edirdin?! Huveyni o xətalarından qayıdıb?! Yox vallahi qayıtmayıb. Sadəcə olaraq Hələbiyə görə bu səhvlər zəlalət deyil, bağışlanan səhvlərə çevrilib. O bütün yollarla çalışır ki, onun üçün üzr gətirsin və onu insanlara gözəl təqdim etsin. Hələbinin azması aydındır. Bu haqda çox danışmağın anlamı yoxdur. Onun haqqında araşdıran görər ki, bu adam dəyişkəndir, bir halda dayanmır. O dini ilə oynayır. İbrahim ən–Nəxai adlı qədim alim demişdir:

“Allahın dinində rəngdən-rəngə keçməyin. Allahın dini birdir.”

Əli əl–Hələbi bu zamanda Allahın dinində rəngdən–rəngə keçənlərin başçılarındandır. Onun dinlər qardaşlığına dəvət edən “Risalətu Ammən” əsərini müdafiə etməsi kifayətdir. O, hətta bu kitabı İslamın gözəlliklərini aşılayan ən yaxşı kitab adlandırmışdır. Görəsən 15 əsrdə yazılan kitablar necə oldu?! Bu sözləri heç Buxari və Muslimin səhih kitabı haqqında söyləməyib. Amma zəlalətin başçılarının: ibadiyyələrin, rafizilərin, sufilərin, xəvariclərin, fəsad qardaşlarının imza atdığı kitabı müdafiə edir, onu tərifləyir ki, bu kitab “İslamın gözəlliklərini aşılayan ən yaxşı kitab”dır. Əsla belə deyil vallahi. Bu kitab insan azadlığı adı altında İslamın əsaslarını məhv edən kitabdır.

Haqqında danışılan adam bu kimi məsələləri gözəlləşdirir, ona görə də əhəmiyyət vermək lazım deyil. Bu cahil Əməşin sözünə əhəmiyyət verməyin. Mən Rusiyada olan qardaşlarıma nəsihət edirəm ki, bu Əməşdən uzaq olsunlar, insanları da ondan çəkindirsinlər. Ondan çəkindirməklə Allaha təqərrüb etsinlər. Çünki o nəfsinə uyub, heç bir əsası olmadan Hələbiyə və onun qaydalarına təəssübkeşlik edir. O gərək Allaha tövbə etsin, alimlərə tənə etməkdən çəkinsin, o yalnız özünə zərər gətirəcəkdir. Onun aqibəti də ondan əvvəlkilərin aqibəti ilə eyni olacaqdır.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir