Oxunma sayı: 183

Sual #314 : Şeyx Süleyman Ruheyli – Məkkədə kranın aşması


Tarix: 2018-01-22

Cavab #314 : Şeyx Süleyman Ruheyli – Məkkədə kranın aşması


Şeyx Süleyman ər-Ruheyli:

«Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz danışın ki, O, əməllərinizi islah etsin və günahlarınızı bağışlasın. Kim Allaha və Onun elçisinə itaət etsə, böyük bir uğur qazanar». (əl–Əhzab 70-71)

Şübhəsiz ki, sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən xeyirlisi Muhəmmədin (sallAllahu aleyhi və səlləm) yoludur. Əməllərin ən pisi sonradan uydurulanlardır. Sonradan uydurulub dinə salınan hər bir əməl bir bidətdir, hər bir bidət isə bir zəlalətdir, hər bir zəlalət isə oddadır.

Əziz qardaşlarım! Möhtərəm möminlər! Mən özümə və bütün möminlərə Məscidul Haramda dünən kranın aşması zamanı müsəlmanların ölməsi ilə əlaqədar başsağlığı verirəm. Allah Azzə və Cəllədən diləyirəm ki, onları qəbul etsin, onların günahlarını bağışlasın və onların (ruhlarının qəbirlərə) enişini ləyaqətli etsin! Möhtərəm qardaşlar, bizim qardaşlarımızın ölümü ilə əlaqədar bizə təsəlli verən bir neçə məqam vardır:

Birincisi, Allah Azzə və Cəllə onların ölümü hadisəsində şərəfli zamanı, şərəfli yeri və şərəfli halı cəm etmişdir. Zamana gəldikdə, cümə günü, günlərin ağası və Allah Azzə və Cəllə qarşısında ən əzəmətli olan gündə, (müsəlmanların) rica edib gözlədikləri cümə gününün axırıncı saatında, haram aylardan olan zil–qaəda ayında baş vermişdir.

Məkana gəldikdə isə, Allahın əl-haram məscidində, Kəbənin yanında, yer üzünün ən fəzilətli məscidində, Allahın ən çox sevdiyi yer isə məscidlərdir.

Hala gəldikdə isə, onlar Allaha ibadət edirdilər, onların arasında bəziləri ihram halında idilər, digərləri ihrama girməyi niyyət edirdilər, bəziləri oturub Quran oxuyurdular, bəziləri təvafı bitirmişdir. Allah onları bu əzəmətli və şərəfli halda cəm etdi.

İkincisi, onlar cümə günü öldülər. Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurub:

“Kim cümə günü və ya cümə gününün gecəsi ölərsə, Allah onu qəbir fitnəsindən qoruyar”, digər rəvayətdə isə “qəbir fitnəsindən qorunar”.

Bu əzəmətli hədis və əzəmətli müjdəni imam Əhməd, Tirmizi rəvayət ediblər və onların isnadlarında müxtəlif rəylər vardır. Lakin imam əl–Əlbəni (Allah ona rəhmət eləsin) bu hədisin isnadlarını toplamış və hədisin “həsən” və ya “səhih” olması nəticəsinə gəlmişdir. Beləliklə, hədis sabitdir və onda olan müjdə çox əzəmətlidir. Biz arzu edirik ki, həmin müjdə dünən baş verən hadisədə ölən qardaşlarımız üçün olsun.

Üçüncüsü, onlar qərib, ölkələrindən uzaq olduqları halda ölmüşlər. Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) vaxtında bir kişi Mədinədə ikən vəfat etmişdir. Peyğəmbər (sallAllahu aleyhi və səlləm) onun cənazə namazını qıldıqdan sonra belə buyurdu:

“Kaş ki, o doğulmadığı yerdə vəfat etsəydi”, bir kişi soruşdu “Niyə, ey Allahın rəsulu?”, o isə “Bir kişi doğulmadığı yerdə vəfat edərsə onun doğum yeri ilə vəfat etdiyi yerə kimi olan məsafə Cənnətdə onun üçün ölçülər” buyurdu.

Hədisi Nəsəi, ibn Məcə rəvayət etmişlər, əl-Əlbəni isə hədisi “həsən” olaraq təsnif etmişdir. Bu hədisdə doğulmadığı yerdə dünyasını dəyişən üçün müjdə vardır. Həmin kişi Mədinədə vəfat etdi və orada doğulmuşdu. Mədinədə ölümün isə öz fəziləti vardır. Kim Mədinədə vəfat edə bilərsə orada vəfat etsin. Buna baxmayaraq, peyğəmbərimiz (sallAllahu aleyhi və səlləm) onun cənazəsini qıldıqdan sonra “Kaş ki o doğulmadığı yerdə vəfat etsəydi” söylədi. Yəni ki, kaş ki o doğulduğu yerdən başqa olan bir yerdə vəfat etsəydi. Bir kişi soruşdu “Niyə sən bunu arzu edirsən, ey Allahın rəsulu?”, o isə “bir kişi doğulmadığı yerdə vəfat edərsə onun doğum yeri ilə vəfat etdiyi yerə kimi olan məsafə Cənnətdə onun üçün həmin qədər məsafədə yer ölçülər” buyurdu.

Onun Cənnətdəki yeri doğulduğu yerdən öldüyü yerə kimi məsafədə olacaq. Ona görə biz Məkkədə öz doğum yerləri olmayan yerdə ölən qardaşlarımız üçün Allahdan arzu edirik ki, onlar üçün əbədi Cənnətdə doğulduqları yerdən Məkkəyə qədər olan məsafədə yer ölçülsün.

Dördüncüsü, onlar dağıntılar altında vəfat etmişlər. Dağıntılar altında ölən işə şəhiddir. Peyğəmbər (sallAllahu aleyhi və səlləm) döyüş məkanından kənarda şəhid olanları zikr etdikdə söylədi ki, “dağıntılar altında ölən şəhiddir”.

Hədisi Əbu Dəvud və digərləri rəvayət etmişlər, əl-Əlbəni hədisi “səhih” olaraq təsnif etmişdir. Onlar dağıntılar altında ölmüşlər, biz də Allahdan arzu edirik ki, onları şəhidlərdən etsin və şəhidlərin sırasında onları qəbul etsin.

Beşincisi, ölən qardaşlarımız (Allah onlara rəhmət eləsin) barəsində bizə təsəlli verən odur ki, onlar ibadət etdikləri halda vəfat etmişlər. Onların arasında ihramda ümrə təvafını edib (Səfa və Mərvə arasında) səyə doğru üz tutmuş və orada həlak olanlar vardır. Həmçinin, onların arasında bəziləri səyi tamamlayıb istirahət edir, digərləri Quran oxuyur və ürəyində niyyət etmişdir ki, həcc üçün ihrama girsin. Kim hansı halda ölərsə həmin halda da (Qiyamət günü) diriləcəkdir. Bu barədə ihram halında öz minik heyvanında yıxılaraq ölən insan haqqında peyğəmbərdən (sallAllahu aleyhi və səlləm) rəvayət olunur ki, o belə demişdir:

“O qiyamət günü təlbiyyə söyləyərək diriləcəkdir”.

Biz də həmin ölənlər üçün Allahdan diləyirik ki, onları öldükləri halda diriltsin. Onlardan ihram halında olanlar Qiyamət günü təlbiyyə söyləyərək dirilsinlər. Onlardan ibadət edərkən ölənlər isə, Qiyamət günü ibadət etdikləri halda dirilsinlər.

Bu beş məsələni Allah Azzə və Cəllə dünənki hadisədə ölən qardaşlarımız üçün cəm etmişdir. Allahdan diləyirəm ki, bu beş məsələni onlar üçün fəzilət olaraq cəm etsin və onları həmin fəzilətlərə layiq etsin və onlar üçün öz fəzilətindən biz bildiyimizdən və arzu etdiyimizdən olduqca daha çox artırsın. Həmçinin, mən Allahdan diləyirəm ki, zərər çəkmiş və yaralanmış qardaşlarımıza şəfa versin.

Ey Rəbbimiz Allah, yə Həyyu yə Qayyum, Göyləri və Yeri icad edən Allah, biz Sənin gözəl adlarınla və gözəl sifətlərinlə elm dərsində Sənin peyğəmbərinin (sallAllahu aleyhi və səlləm) məscidində olduğumuz halda səndən diləyirik ki, yaralı qardaşlarımızın ağrılarını yüngülləşdir, onlara səbr ver, onlara şəfa ver və onları tezliklə sağalt, onların savablarını artır, ey aləmlərin Rəbbi! Allahım, onların savablarını təsbit et, onların aldıqları zərəri onlardan tezliklə qaldır, ey aləmlərin Rəbbi. Allahım, onların ailələrinə səbr ver! Allahım, onların ailələrinə səbr ver! Allahım, onların ailələrinə səbr ver, ey aləmlərin Rəbbi! Allahım iki haram məscidin xidmətçisi olan kralın hökümətini həcilər üçün göstərdikləri xidmətlərə görə mükafatlandır və zərər çəkmiş qardaşlarımızı xüsusi ilə mükafatlandır. Allahım bu höküməti müsəlmanların məsləhətləri və mənfəətləri üçün daha çox həris et. Allahın salamı va salavatı olsun peyğəmbərimiz Muhəmmədə və onun ailəsinə.

Əziz qardaşlar, bu baş verən yalnız qədərdir, bəşər övladı ona səbəb deyil, bu Allah Azzə və Cəllənin əmridir. Həmin hündür böyük kran dünyanın ən güclü kranlarındandır. O krandan yalnız iki ədəddir, biri avropa ölkələrindən birində, ikincisi isə həmin bu krandır ki, Məkkəyə həcilər üçün asanlıq və yüngüllük yaratmaq üçün gətirilmişdir. Çünki həmin kran həcilərə sıxıntı yaratmadan, haram məscidinin daxilindən kənarına və xaricindən daxilinə lazım olan şeyləri daşıyırdı. Həcilərə sıxıntı yaratmamaqla alətləri daşıyırdı. Onu bu mübarək hökümət gətirmişdir, Allah onları xeyirlə mükafatlandırsın. Lakin Allahın əmri mütləq baş verəndir. Qul nə qədər qüvvətli olsa belə, nə qədər səbəblər götürsə də, Allahın əmri mütləq baş verəcəkdir. Allahın təqdir etdiyi işlərdə əzəmətli hikmət vardır.

Ona görə, əziz qardaşlar, biz gərək Allahın təqvalı, günahlardan çəkinən qullarından olaq, o kəslər ki, onların qəlbləri gözəl mömin qəlbləridir, hansı ki, xeyirə baxdıqda şükür edirlər, şər gördükdə isə ondan çəkinirlər. Müsəlman həcilər və zəvvarlar üçün təqdim olunan xidmətləri görür. Bunlar minnət deyil, gözəl qəlblər üçün xatırlamadır. Həmçinin görür ki, Allah əzəmətli hikməti ilə Səudiyyə Ərəbistanı Krallığının hökümətini Allahın haram məscidini ziyarət edənlərə xidmət etmək üçün yönəltmişdir, hər hansı bir minnət və ya digər hansısa məqsəd üçün deyil, yalnız həcilər üçün həcclərini və zəvvarlar üçün ziyarətlərini yüngülləşdirmək üçün. Allahdan diləyirəm ki, həmin məqsədi gerçəkləşdirsin və bizi Allahın saleh qullarından etsin.

Ey fəzilət sahibləri, biz bundan ibrət almalıyıq. Allahın əmri mütləq baş verəndir. İnsan bilmir nə zaman Allahın əmri onun haqqında baş verəcək. Allahın əmrinə qarşı heç bir qüvvə mane ola bilməz. Onun qarşısını ehtiyyat ala bilməz. Ona görə, əziz qardaşlar, biz Allahın əmrlərini sevməliyik. Biz yazılmış qədərin nə zaman baş verəcəyini bilmirik. Lakin biz diri olduğumuzu və Allaha ibadət edə biləcəyimizi və Ona (ibadətlərlə) yaxınlaşa biləcəyimizi bilirik. Odur ki, Rəbbimizə ibadətləri və Allaha yaxınlaşmağı artıraq. Biz bilmirik nəfəsimiz nə zaman kəsiləcək və nə zaman Allah Azzə və Cəllənin yanına qayıdacağıq. Gənclərimiz gənc olduqları ilə, yaşlılar isə öz yaşları ilə özlərini aldatmasınlar. Əcəl hər kəsi yaxalayır. Allahın əmri hər kəsi yaxalayır. Lakin biz, Allaha həmd olsun ki, diri olduqlarımızı və Allah Azzə və Cəllənin qulları olduqlarımızı və ibadətlərimizi Allah üçün ixlasla və rəsulullaha (sallAllahu aleyhi və səlləm) tabe olaraq etdikdə ibadətlərimizdən Onun razı olduğunu anlayıb dərk edirik. Odur ki, ey Allah üçün sevdiyim qardaşlarım, vaxtlarımızı Allahın razı qaldığı şeylərlə məşğul edərək ixlasla və peyğəmbərimizə (sallAllahu aleyhi və səlləm) tabe olaraq Rəbbimiz üçün çalışaq ki, qədər bizi yaxaladıqda və əcəl gəlib çatdıqda bəlkə Allah bizə ikram və əta edər, biz şəhidlər kimi ölərik, ruhlarımız mömin ruhları kimi alınar və ən xeyirli halda dirildilərik, Rəbbimizin qarşısında bizim razı qalacağımız halda duracağıq. Bizim Rəbbimizə olan ehtiyaclarımız çox böyükdür və biz Rəbbimizin səxavətli olduğunu bilirik. Lakin biz Allahdan diləyirik ki, bizi gözəl şəkildə ibadət etməyi müvəffəq etsin və bizi qəflət şərrində qorusun, bizi haramdan qorxanlardan etsin. Bizi ömrümüzdən qalan vaxtları Onun razı qaldığı şeylərlə məşğul edənlərdən etsin, sonumuzu xeyirli etsin!

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir