Oxunma sayı: 212

Sual #311 : Şeyx Süleyman ər-Ruheyli – Telefonla verilən talaqın hökmü


Sual:

Bir kişi öz həyat yoldaşından uzaq bir yerdə işləyir və hər ay onu ziyarət edir. Günlərin bir günü onların arasında telefon danışığı zamanı güclü münaqişə baş verir və kişi zövcəsindən uzaqda olduğu halda onu danışıq zamanı üç dəfə boşayır. Bir neçə gün sonra isə yenidən zövcəsini adətən olduğu kimi ziyarət edir və onunla cinsi əlaqəyə girir və heç bir şey olmamış kimi onunla birlikdə yaşayırlar. Bu cürə etməyin hökmü nədir?

Tarix: 2018-01-21

Cavab #311 : Şeyx Süleyman ər-Ruheyli – Telefonla verilən talaqın hökmü


Şeyx Süleyman ər-Ruheyli:

Təbii ki, qardaşlar, talaq məsələlərində tərəfləri dinləmədən və məsələni aydınlaşdırmadan müəyyən şəxslər haqqında hökm vermirik. Xüsusən də, üç talaq məsələsində, və ya iki talaqdan sonra üçüncü talaq məsələsində və ya bunlara oxşar hallarda. Lakin hazırkı bu məsələ haqqında mən baş vermiş bu fərdi hal baxımından deyil, fiqhi baxımdan cavab verəcəm. Hal–hazırda bizim qarşımızda iki məsələ vardır:

Birinci məsələ odur ki, talaq telefon danışığı zamanı baş verib. İnsan talaq sözünü söyləyərsə qadın onu eşitsə də, eşitməsə də və ya digər bir şəxs onu eşitsə də, eşitməsə də, baş vermiş olur. Əgər talaq sözünü ağlı başında olduğu halda və hətta bağlı otaqda tək olsa belə tələffüz edərsə talaq baş vermiş olur və şərt deyil ki, qadın və ya başqa birisi onu eşitsin. Belə ki, bu kişi onu (zövcəsini) telefon danışığı zamanı öz dili ilə boşayıb, telefonla danışıq zamanı edilən talaq isə baş vermiş hesab olunur. Bu məsələnin bir tərəfidir.

İkinici məsələ, ondan ibarətdir ki, talaq onların arasında münaqişə baş verdikdən sonra olmuşdur. Bu isə, əlbəttə ki, qəzəbli olduğu haldır. Talaqda qəzəb isə, qardaşlar, üç qismə bölünür:

Birinci qism, kişini dəli (ağlı başında olmayan) vəziyyətinə salan qəzəbdir. Yeri göydən ayıra bilmir, zövcəsini anasından seçə bilmir. Zövcəsini görən kimi ona deyir ki, səni milyon dəfə boşadım. Anası gəlir yanına deyir “oğlum”, – bu isə deyir “səni boşadım”. Bunun ağlı başında deyil. Hər kimin qəzəbi onu bir anlıq ağlını başından alacaq (dəli) bir vəziyyətə salarsa, alimlərin yekdil rəyinə görə onun talaqı baş vermiş hesab olunmur. Əgər qəzəbi onu dəlilik vəziyyətinə salarsa onun talaqı elm əhlinin yekdil rəyinə görə baş vermir.

Qəzəbin ikinci qismi odur ki, kişi qəzəblənib lakin öz halını anlayıb dərk edir. Bunun talaqı alimlərin yekdil rəyinə görə baş vermiş hesab olunur. Çox zaman talaq qəzəb halında baş verir. Yəni ki, elə bir insan yoxdur ki, öz həyat yoldaşı ilə rahat yaşayırlar, yoldaşı yaxşıdır və sairə, o isə ona deyir ki, “səni boşadım”. Əksər hallarda talaq qəzəb halında olur.

Üçüncü qism qəzəb isə, insanın ağlını başdan almır, lakin insanı özünü idarə etməkdən çıxarır və zehnini bağlayır. Mən daima qardaşlara bunu elə izah edirəm ki, sanki həmin insan hündürlükdən aşağı doğru gedir, insan hündürlükdən düşdüyü zaman isə, dayana bilmir. Belə ki, o qəzəblənir və başa düşür ki, bu onun yoldaşıdır, talaqın pis olmasını, ayrılıq olmasını bilir. Lakin öz dilini idarə edə bilməyəcək hala düşür. Bir alət kimi olur, özünü idarə edə bilmir, danışığında ixtiyar sahibi deyil. Bunun haqqında elm əhli ixtilaf etmişlər. Doğru olan rəy isə odur ki, əgər bu cürə hal müəyyən olunarsa, o zaman talaq baş vermiş olmur. Çünki insanın zehni açıq olmadıqca talaq baş vermiş hesab olunmur. Belə ki, insanın zehni bağlanır və öz dilini idarə edə bilmir. Bu da danışılan məsələdə bizim gördüyümüz ikinci tərəfdir.

Üçüncü məsələ ondan ibarətdir ki, bu kişi öz zövcəsini bir yerdə üç dəfə talaq edir. Alimlər bir yerdə üç dəfə verilən və aralarında raca (geri qaytarma) olmayan talaq haqqında ixtilaf ediblər.

Bəzi insanlar (Allaha sığınırıq) güclü təcrübələrindən dolayı bir yerdə üç dəfə talaq verib deyirlər, “səni boşadım”, “səni geri qaytardım”, “səni boşadım”, “səni geri qaytardım”, “səni boşadım”, “səni geri qaytardım”.

Belə ki, bir yerdə üç dəfə baş verən və aralarında geri qaytarma olmayan talaq haqqında elm əhli ixtilaf ediblər. Cumhur (əksər) alimlərin rəyinə görə və hətta bəzi fəqihlər bu məsələdə yekdil rəyin olması haqqında söyləyiblər ki, talaq üç dəfədən sonra baş vermiş hesab olunur. Əgər bir yerdə üç dəfə talaq verilərsə və həmin talaqlar arasında raca olmazsa, talaq baş vermiş hesab olunur. Bu rəy dörd məzhəbin və bir çox fəqihlərin rəyidir.

Bəzi elm əhli isə hesab edirlər ki, talaq bir dəfə verildikdən sonra baş vermiş olur. Çünki Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) və Əbu Bəkrin zamanında bir dəfədən talaq baş verirdi. Alimlərin əksəriyyəti isə söyləyirlər ki, Ömər (Allah ondan razı olsun) digər səhabələrin mövcud olduğu dövrdə üç dəfə talaq verildikdən sonra talaq hökmünü verirdi. Bu da ona dəlalət edir ki, talaqın üç dəfədən sonra baş verməsi (səhabələr arasında) ittifaq olunmuş yekdil rəydir.

Allah isə daha doğrusunu bilir, lakin haqqa daha yaxın olan rəy odur ki, talaq verən insanın halına baxılmalıdır. Əgər talaq verən insan talaq məsələsinə laqeyd və qeydi–ciddi yanaşan deyilsə və kişi dindar və diqqətlidir, lakin bir dəfə özündən çıxıb və üç dəfə zövcəsini boşayıbsa, bu halda zahir olan odur ki, Allah isə daha doğrusunu bilir, bir dəfə talaq verdikdən sonra talaq baş vermiş hesab olunur. Çünki Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) və Əbu Bəkrin vaxtında mövcud olan hal bu cür idi. İnsanlar talaq məsələsinə laqeyd yanaşmırdılar və onlardan belə şey nəql olunmayıb. Lakin, əgər kişi talaq məsələsində laqeyd və qeyri–ciddi olarsa, dininə qeyri– həris yanaşan olarsa, o zaman onun talaqı üç dəfədən sonra baş vermiş olur. Çünki Ömərin (Allah ondan razı olsun) talaq hökmünü üç dəfədən sonra verməsinə səbəb məhz bu hal idi. Çünki o, insanların talaq məsələsinə laqeyd və qeyri–ciddi yanaşmasını gördükdən sonra talaq hökmünü üç dəfədən sonra verərdi. Beləliklə, zahir olan da budur. Allah isə daha doğrusunu bilir!

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir