Oxunma sayı: 209

Sual #306 : Şeyx Fovzan – İslamdan çıxaran əməllərdə 4 üzr


Tarix: 2018-01-21

Cavab #306 : Şeyx Fovzan – İslamdan çıxaran əməllərdə 4 üzr


Şeyx Saleh əl-Fovzan:

İslamın təməl prinsiplərinə əsasən bir müsəlman İslamdan çıxaran məlum əməllərdən birini etdiyi tam isbat olunana kimi, İslamda qalır və müsəlman hesab olunur.

Bu əməllərdən ən şiddətlisi Allaha şərik qoşmaq, Allahdan başqasına dua etmək, kömək istəmək və İslamı pozan digər bu kimi əməllərdir. Hansılar ki, alimlər bunları qeyd etmişlər. Şeyxulİslam Muhəmməd ibn AbdulVahhab (Allah ona rəhmət etsin) bu əməlləri “On amil”də toplamış və onları kiçik risalədə cəm etmişdir. Onun qeyd etdiyi əməllər ən çox baş verən əməllərdir. İslamdan çıxaran əməllərdən biri baş verdikdə və onu edən üzrlü hesab olunmazsa, onun mürtəd olduğuna hökm edilər. Belə insana hökmü verən rəbbani və elmdə püxtələşmiş alimlər olmalıdır. İnsanların kafir olmasına dair hökmü elm iddiasında olanlar, yaxud elmdə yeni olanlar, yaxud cahillər, ya da heç bir elm və düşüncə olmadan kor–koranə danışanlar verməli deyillər. Bu çox təhlükəli məsələdir. Bunun qərarı alimlərə, dində fəqih olanlara aiddir.

Kimsə İslamdan çıxaran əməllərdən birini edərsə, o zaman ona bəyan edilir (hüccət qaldırılır), etdiyi iş izah edilir, sonra tövbə etməsi tələb olunur. Ona hökm verməkdə tələsmək olmaz. Onun təkfirinə mane olan üzrü ola bilər.

Üzrlərin birincisi – cahil olmaqdır. İnsan bu əməlin İslamdan çıxaran əməllərdən olması barədə cahil ola bilər. Bu ona açıqlanır və izah edilir.

İkinci: Ola bilsin ki, o kəs bu işi etməyə məcbur edilib. Ola bilsin o, bu əməli öz seçimi ilə deyil, məcbur edib. Məcbur olunan kəs də üzrlü sayılır. Uca Allah buyurmuşdur:

Qəlbi imanla sabit qaldığı halda haqqı danmağa məcbur edilən kəslər istisna olmaqla, kim iman gətirdikdən sonra Allahı inkar etsə və qəlbini küfrə açsa, Allahın qəzəbinə düçar olar. Onlar üçün böyük bir əzab vardır. Bu ona görədir ki, onlar dünya həyatını axirətdən üstün tuturlar. Həm də Allah kafirləri doğru yola yönəltmir. Bunlar o kəslərdir ki, Allah onların qəlbinə, qulaqlarına və gözlərinə möhür vurmuşdur. Onlar əsl qafildirlər. (ən-Nəhl, 106-108)

Bu ayələrin nazil olma səbəbi, müşriklərin Ammər ibn Yəsiri (Allah ondan razı olsun) tutub ona əzab vermələri, Muhəmmədi (sallAllahu aleyhi və səlləm) söyməyincə, onu buraxmaqdan imtina etmələri olmuşdur. Nəticədə Ammər onların dediyini yerinə yetirmişdir. Məcburiyyət qarşısında, onlardan xilas olmaq üçün Rəsulullah (sallAllahu aleyhi və səlləm) haqqında pis sözlər danışmışdır. Bununla bərabər onun qəlbi imanla, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) sevgisi ilə sabit idi. Bunu isə yalnız onlardan xilas olmaqdan və məcburiyyətin qarşısını almaqdan ötrü etmişdir. Sonra o, peşman olaraq Rəsulullahın (sallAllahu aleyhi və səlləm) yanına gələrək başına gələnləri ona danışdı. Peyğəmbər (sallAllahu aleyhi və səlləm) ona dedi: “Sənin qəlbin necə idi?”

O dedi: “İmanla sabit idi, ey Allahın Rəsulu!”

Peyğəmbər (sallAllahu aleyhi və səlləm) dedi: “Əgər onlar təkrarlasalar, sən də təkrar edərsən.”

Bundan sonra Allah bu ayəni nazil etdi

“Qəlbi imanla sabit qaldığı halda haqqı danmağa məcbur edilən kəslər istisna olmaqla…”

Ona görə də, məcbur edilən kəs üzrlü sayılır. Uca Allah buyurub:

Möminlər möminləri qoyub kafirləri dost tutmasınlar! Bunu edən kimsə bilsin ki, Allah ilə onun heç bir əlaqəsi yoxdur. Ancaq onlardan gələn təhlükədən çəkinməklə ehtiyat etməyiniz istisnadır. Allah sizi Özündən çəkindirir. Dönüş də ancaq Allahadır. (Ali-İmran, 28)

Qorunmaq yalnız məcbur edilməyin qarşısını almaqdan ötrüdür. Ona görə də, məcbur edilən kəsin bu məcburiyyətdən xilas olması üçün küfr söz danışması icazəlidir. Bir şərtlə ki, onun qəlbi imanla sabit olsun. Necə ki, Ammər ibn Yəsirin başına gəlmiş və ondan ötrü Quran ayəsi nazil olmuşdur. Ondan ötrü bu ayə: “Ancaq onlardan gələn təhlükədən çəkinməklə ehtiyat etməyiniz istisnadır.” – nazil olmuşdur.

İslamı pozan əməl edən kəsi təkfir etməyə mane olan üzrlərdən biri də, təvil etməkdir (dəlili başqa mənaya yozmaqdır). O, bu əməli qəsdən etməyib. Sadəcə ayəni və ya hədisi oxuyub səhv başa düşüb. Özünün səhvən anladığına əsaslanaraq, zəlalətdən olan o sözü demişdir. Ona bəyan olunmalıdır ki, o xəta edib, onun başa düşdüyü səhvdir. Əgər o dönsə, ondan qəbul olunur. Ömər (Allah ondan razı olsun) vaxtında bəzi insanlar Quran ayələrini səhv başa düşərək şərab içirdilər.

Allah Təalə buyurub:

Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qumar da, tapınmaq məqsədi ilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız. Həqiqətən, şeytan sərxoşedici içki və qumar vasitəsi ilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz buna son qoyacaqsınızmı? Allaha itaət edin, Onun Elçisinə itaət edin və asi olmaqdan çəkinin! Əgər üz çevirsəniz, bilin ki, Elçimizin öhdəsinə düşən ancaq açıq-aydın təbliğ etməkdir. İman gətirib yaxşı işlər görənlərə, Allahdan qorxaraq iman gətirib yaxşı işlər gördükləri, sonra yenə Allahdan qorxaraq iman gətirdikləri, sonra yenə də Allahdan qorxaraq yaxşı işlər gördükləri təqdirdə, haram edilməmişdən əvvəl daddıqları şeylərə görə heç bir günah gəlməz. Allah yaxşı iş görənləri sevir. (əl-Maidə, 90-93)

Bu ayələr içki haram edilməmişdən öncə içki içib, o halda dünyadan köçənlərdən ötrü nazil olmuşdur. İslamın əvvəllərində, içki haram edilməmişdən öncə onlar içirdilər. İçkinin haram olması barədə ayə nazil olduqda, onların qohumları peşman oldular və onlara görə qorxaraq dedilər: “Bizim qövmümüz içki içirdilər.”

Uca Allah bu ayəni nazil etdi:

Allahdan qorxaraq yaxşı işlər gördükləri təqdirdə, haram edilməmişdən əvvəl daddıqları şeylərə görə heç bir günah gəlməz. Allah yaxşı iş görənləri sevir.

Uca Allah onları təmizə çıxardı (üzrlü etdi). Çünki onlar, içki haram edilməmişdən öncə içirdilər. Bu səbəbdən də onlar üzrlüdürlər. Onlara buna görə günah yoxdur. (Ömərin vaxtında) o insanlar içki içirdilər və deyirdilər ki, biz iman gətirmişik, saleh əməllər görürük, ona görə də bizim üçün içki içməkdə heç bir problem yoxdur. Və beləcə də içirdilər. Bu ayəni təvil edərək, mənasını səhv yozaraq içirdilər və elə düşünürdülər ki, içki içməkdə onlar üçün heç bir problem yoxdur.

Ömər (Allah ondan razı olsun) onları gətirdi və onlar haqda səhabələrdən məsləhət aldı. Onlar dedilər: Əgər onlar (içki içənlər) onu halal saysalar, küfr etmiş olurlar, yox əgər halal saymasalar, onlara bu əməlin qarşısını almaqdan ötrü şallaq vurulmalıdır. Onlar müşavirə etdikdən sonra aydın oldu ki, bu kəslər ayəni təvil edərək səhv başa düşüblər. Təvilə görə onları üzrlü hesab etdilər və təkfir etmədilər, onları yalnız cəzalandırdılar. Çünki onlar müsəlmandırlar. İçki içdikdə, ona şallaq vurulur.

Bu onu göstərir ki, səhvən təvil edən kəsə onun xətası açıqlanmalıdır. Əgər etiraf edərək doğru yola qayıtsalar, onlardan bu etiraf qəbul olunur.

Dördüncü üzr:

Həmçinin, ola bilsin ki, İslamı pozan əməli edən kəs, təqlid etsin (başqasını özünə nümunə götürərək, onun etdiyini təkrarlasın). Düşünür ki, filan-filan adam və ya filan şəhər sakinləri İslamı izhar (nümayiş) etdirərək bu əməli edirlərsə, bu, həmin əməlin küfr olmadığını bildirir. Buna görə də onlara təqlid edir. Ona bəyan olunmalıdır ki, bu, kor–koranə təqliddir. O kəslər xəta ediblər. Xətakarı nümunə götürüb ona təqlid etmək olmaz. Ona bəyan olunduqdan sonra o yoldan dönərsə, ondan qəbul olunur.

Bunlar üzrlərdir. İslamı pozan əməli edən kəsdə bunlar olsa, o kəs üzrlü sayılır və bu üzrlərə görə ona mürtəd hökmü verilmir.

Ona hökm verəcək kəslər kimlər olmalıdır? Hökm verən kəslər alimlər olmalıdırlar. Cahil olan kəs ona hökm verə bilməz. Hətta dəlillər, ayələr, hədislər əzbərləsə belə. Hər ayə, hədis əzbərləyən, onları düzgün başa düşə bilmir. Bu fiqhdir, Allah bunu istədiyinə verir. Uca Allah buyurub:

Allah istədiyi kəsə hikmət bəxş edir. Kimə hikmət verilmişsə, ona çoxlu xeyir nəsib edilmişdir. Bunu isə ancaq düşüncəli insanlar anlayarlar. (əl-Bəqərə, 269)

Hikmət, Allahın dinini başa düşməkdir. Elm – çoxlu əzbərləməklə olmur. Elm mətnlər, ayələr, hədislər əzbərləməklə olmur. Elm yalnız başa düşməklə olur. Allahın dinini başa düşmək, Allahın nə istədiyini dərk etmək, Rəsulullahın (sallAllahu aleyhi və səlləm) nə qəsd etdiyini bilməklə olur. Buna görə də bu məsələdə alimlərə qayıtmaq lazımdır.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir