Oxunma sayı: 259

Sual #305 : Şeyx Süleyman Ruheyli – ‘Mən xoşbəxt deyiləm!’


Tarix: 2018-01-21

Cavab #305 : Şeyx Süleyman Ruheyli – ‘Mən xoşbəxt deyiləm!’


Aləmlərin Rəbbi olan Allaha həmd olsun, aləmlər üçün rəhmət olaraq göndərilmiş Rəsula, onun ailəsinə və səhabələrinə Allahın kamil salavatı və salamı olsun! Daha sonra:

Əziz qardaşlar, əziz dostlar! Allahın izni ilə saatın dörddə bir hissəsini Allahı (Azzə və Cəllə) zikr etməklə keçirəcəyik və həmin bu vaxtı Rəbbimizin rəhmətini, sükunətini və daha uca (mələklərlə olan) məclisdə yad olunma imkanını əldə etməyi Allahdan diləyərək sərf edəcəyik. Əziz qardaşlar! İstəyirəm sizinlə birlikdə bir önəmli məsələni, insanların ona malik olmaq istədikləri və bu gün bir çox insanların onu itirdiyindən şikayət etdikləri məsələni zikr edək, xatırlayaq. O elə bir şeydir ki, onu hər bir kəs əldə etmək istəyir: kiçiklər, böyüklər, kişilər və qadınlar.

Həmin bu şey xoşbəxtlikdir.

Və bu gün bir çox insanlar “Biz xoşbəxtliyi hiss etmirik” deyirlər.  İnsanların xoşbəxtliyi əldə etmə yolları bir çox növlərə bölünmüşdür.

İnsanlar arasında elələri vardır ki, onlar xoşbəxtliyi var-dövləti artırmaqda görürlər. Buna görə də hansı yollarla əldə etmələrinə önəm vermədən var-dövlətlərini artırmaq üçün çalışırlar.

Və bu iş onları Allahı zikr etməkdən uzaqlaşdırmışdır. Belə ki, onun pul qazanmaq işi namaz vaxtı ilə qarşı-qarşıya gələrsə şeytan onu: “həyyə alə-l məl” (tələsin malınızı artırmağa) deyə səsləyər.

Bununla da o, xoşbəxtliyə nail ola bilmir. Onun malı Allah Təalənin vəsf etdiyi kimi olmuşdur:

Çoxluğa hərisliyiniz başınızı o qədər qatdı ki, (gömülməklə) qəbirləri ziyarət etdiniz. (Təkəsur, 1-2)

Bu insan mal-dövlətini artırmaqla məşğul olur. Həmçinin insanlar arasında eləsi vatdır ki, övladların sayını artırmaqla məşğuldur.

Və bu iş onu Allahı zikr etməkdən uzaqlaşdırmışdır. Və insanlardan eləsi vardır ki, xoşbəxtliyin səfər etməkdə olduğunu hesab edir.

Ona görə də o, öz ömrünü bir ölkədən başqa bir ölkəyə səfər etməklə keçirər. Nə öz zövcəsi, nə də övladları ondan fayda görmürlər. Bu insan xoşbəxtliyi axtarır, lakin ona nail ola bilmir.

Və insanlar arasında eləsi vardır ki, xoşbəxtliyi axtarmaqdan ümidini itirib və deyir ki, xoşbəxtlik xəyaldır, qeyri-həqiqətdir.

Onlar bilmirlər ki, xoşbəxtlik həqiqətən mövcuddur. And olsun Allaha ki, xoşbəxtlik həqiqətən mövcuddur.

Xoşbəxtlik təqvalı qəlbə malik olmaq və saleh əməllər etməkdədir.

Hər kimi ki, Allah (Əzzə və Cəllə) təqvalı olmağa, təqvalı qəlbə malik olmağa ki, bu qəlblə həmin insan Allahın haram buyurduğu hüdudlar qarşısında dayanacaq və onları ötüb keçməyəcək və Allahın fərz buyurduğu əməllər qarşısında duararaq onlar arasında fərq qoymayacaq, həmçinin onu saleh əməllər etməyə müvəffəq edərsə, həmin insana xoşbəxtlik bəxş etmişdir.

Çünki xoşbəxtlik, qəlbin rahat və mütmain olmasıdır. Qəlblər isə, Ər-Rahmənin iki barmağı arasındadır ki, onları istədiyi kimi çevirir.

Beləliklə, xoşbəxtlik Allahın (subhənəhu və təalə) hədiyyəsidir ki, onu saleh qullarına bəxş edir. Mömin qul öz həyatını xoşbəxtlik içində yaşayaraq keçirir.

Bu o deməkdir ki, ona heç bir sınaq və imtahan gəlmir? Xeyr, gəlir. İmanın dərəcəsinə görə imtahan olunur. Ən çox başlarına bəlalar gələnlər də Allahın elçiləridir, sonra isə onlara bənzəyənlər.

İnsan dininin imanının dərəcəsinə uyğun imtahan olunur. Lakin bu onun üçün xeyirli olur və o, bununla xoşbəxt olur. Necə ki, Rəsulullah (sallallahu aleyhi və səlləm) buyurmuşdur:

“Mömin insanın işləri qəribədir. Bütün işlərində onun üçün xeyir vardır. Başına xoş bir iş gəldikdə şükür edər və bu onun üçün daha xeyirli olar. Ona zərər gəldikdə isə səbir edər və bu onun üçün daha xeyirli olar. Və bu hal yalnız mömin insan üçün olur”.

Lə iləhə İlləllah, necə yaşayasan bu həyatda? Gah xeyir içində, gah da zərər içindəsən. Mömin üçün isə hər iki halda xeyirli olar və o bununla xoşbəxt olur.

Mömin insan dünyada xoşbəxt olur, çünki Allah (Əzzə və Cəllə) onu qəlbin rahatlığı və başına gələn sınaqlara görə razı olmaqla mükafatlandırır. Və o, əldə edə bilmədiyi şeylər üçün çalışmır.

Rəsulullah (sallallahu aleyhi və səlləm) belə buyurur:

“Kimin ürəyi dünyaya bağlı olarsa, Allah onun işlərini ayırar və kasıblığı onun iki gözü arasında yerləşdirər. Və ona dünyadan Allahın yazdığından başqa heç nə gəlməz. Kimin isə niyyəti Axirət olarsa, Allah onun işlərini birləşdiriər, cəm edər və onun qəlbini bol edər. Və dünya istəməsə belə özü onun qarşısına gələcək”.

Lə iləhə İlləllah, bu iki halı müqayisə edin, qardaşlar. Kimin ki, niyyəti və rəğbəti dünya olarsa, Allah onun işlərini ayırar, bununla da qəlbində onun bütün işləri bir çox hissələrə ayrılar, qəlbi rahat olmayacaq. Yatdığı zaman sağ yanına çevrildikdə bir şeyi xatırlayar, sol yanına çevrildikdə başqa şeyi xatırlayar.

Rahat ola bilmir. Və Allah kasıblığı onun iki gözü arasında yerləşdirər, hər dəfə baxdıqda kasıb olduğunu görəcək. Xəzinəsi pulla dolsa belə, kasıblığı görəcək. Buna görə xoşbəxt ola bilməyəcək.

Çünki özünün kasıb olduğunu hiss edəcək. Və bununla belə, ona bu dünyadan Allahın yazdığından başqa heçbir şey gəlməyəcək.

Lakin o kəs ki, onun niyyəti, rəğbəti Axirət olarsa, təqvalı saleh bir insan olarsa, Allah onun işlərini cəm edər, ona görə də heç bir şeydən narahat olmayacaq.

Və onun qəlbini bol edər. Ona görə də o, Allahın ona verdiyi ruzi ilə mutmain, rahat olar. Allah onun ruzisini az verərsə, o deyər “Allaha həmd olsun, mən digərlərindən yaxşı haldayam”.

Ruzisini bol verdikdə isə  “Allaha həmd olsun” deyər. Və dünya istəməsə belə özü onun qarşısına gələcək. Bu insan dünyada xoşbəxt yaşayacaq.

Həmçinin, qardaşlar, o mömin ki, həyatını Allah qorxusu və saleh əməllər görməklə keçirir, onun əcəli gəlib yetişdikdə, hansı ki, onun gəlişi mütləqdir, xoşbəxt olur.

Ölüm onu yaxalayır və yanına mələklər gəlib onu səsləyirlər: “Ey gözəl bədəndə olmuş gözəl ruh, çıx tərifəlayiq olduğun halda, rahat, ətirli olduğuna və Rəbbinlə görüşəcəyinə sevin”.

Həmin insan hələ can verərəkən bu cürə çağırılır. Və o çıxıncaya qədər ona bu sözlər deyilir. Cəsəddən çıxdıqdan sonra isə ölüm mələyi onu götürər və cənnətdən olan kəfənə bürüyər.

Bu ruhdan gözəl bir ətir gəldiyi halda (ölüm mələyi) onunla birlikdə səmaya qalxar. Bütün mələklər istəyəcəklər ki, həmin ondan gələn ətirə görə onların yanından gəlib keçsin.

Birinci səma dünyasında qapıların onun üçün açılması üçün izn alınar. Cavabında soruşulacaq ki, bu gözəl ruh kimdir? Bu filankəsin oğludur. Bundan sonra onun üçün səma qapıları açılar.

Və bu cürə yeddinci səmaya yetişənə kimi davam edəcək. Sonra Allah həmin ruhun dünyaya qaytarılması əmrini verər. SübhənAllah, hətta bu məqamda o kəs ki, həyatını təqva, iman və saleh əməllərlə keçirər, onun halı bu cürə olacaq. Sonra isə, o sevinir və qəbrində nemətlər içində olur və Rəbbinin belə səslənidyini eşidir: “Mənim qulum sadiq oldu. Onun qəbrini cənnət bağı edin”.

Qəbirdə, qardaşlar. “Onun qəbrini cənnət bağı edin və onu Cənnətdən olan paltarla geyindirin, onun Cənnətdən qapı açın”.

Bu insanın qəbri gözü görəcək qədər enli olur, Cənnətdən nemətlər və ətirlər gəlir qəbrinə. O qəbirdə ikən səhər-axşam onun üçün Cənnətdən qida gətiriləcək.

Sonra həmin insan bu gözəl halda olduğuna baxmayaraq “Rəbbim, Qiyaməti tezləşdir, Rəbbim, Qiyaməti tezləşdir” deyə dua edəcək. Çünki, o bilir ki, Qiyamətdən sonra olan şeylər bundan daha əzəmətlidir.

Allahla qarşılaşdıqda isə, xoşbəxt olanlar qrupunda olacaq. Allahla qarşılaşdığı vaxt, insanların bir qismi hüzn və dərd içində, digər qism isə xoşbəxt olacaqlar. Bu insan xoşbəxt olanlar qismində olacaq.

O kəs ki, ailəsinin yanına sevinərək dönəcək. Sonra o, Cənnətdə olacaq. Cənnət, hansı ki, o, xoşbəxtlik diyarıdır, qardaşlar.

Cənnətə ən axırıncı girən və ən az nemətləri olan insanın mükafatı nədir, bilirsinizmi? Onun mükafatı Allah dünyanı yaratdığı gündən məhv etdiyi günə kimi dünyada olan nemətlərdir.

Təsəvvür edin. Allah dünyanı yaratdığı gündən məhv etdiyi günə kimi dünyada olan nemətlər və onların on misli. Bu Cənnətdə ən yuxarı mərtəbədə olan insanın mükafatıdır? Xeyr, and olsun Allaha.

Bu ən az olanıdır. Və Allahın Rəsulu (sallAllahu aleyhi və səlləm) çox heyrətamiz məsələ haqqında bir qissə danışıb. Qiyamət günü Allah həmin insanın ayağında olan böyük barmağında ona nur verəcək.

O nur gah yanacaq, gah da sönəcək. Sırat körpüsünə gəlir, başlayır ləngiməyə. Bir əli ilə tutur, o biri əli sürüşür, o biri əli ilə tutur, bu sürüşür, bir ayağını qoyur, o biri sürüşür.

Və qurtulana qədər bu cür davam edəcək. Qurtulduqdan sonra Cəhənnəm oduna və onun içində olanlara baxıb deyəcək:

“Həmd olsun Allaha. Allah məni bu oddan qurtarmağı ilə heç bir kəsə vermədiyi neməti mənə vermişdir”. Sonra onu Cənnət çayına gətirəcəklər və orada yuyulacaq.

Ona Cənnət əhlinin ətri və rəngi qaytarılır. O, Cənnətə qapının arasından baxır və Cənnəti görüb deyir: “Ey Rəbbim, məni Cənnətə daxil et”.

Allah (Əzzə və Cəllə) belə deyir: “Sən Cənnət istəyirsən, halbuki səni oddan qurtardım?”.

Allah deyir ki, “Sən indi dedin ki, mənə Allah heç bir kəsə vermədiyi neməti vermişdir, çünki Allah məni oddan qurtarmışdır”. İndi isə Cənnət istəyirsən?

O insan deyir: “Ey Rəbbim, mənimlə onun arasında örtük et ki, onun pis səsini eşitməyim”. Yəni ki, mənimlə arxamda olan od arasında. “Mənimlə onun arasında örtük et”.

Və ona “Cənnətə gir!” deyilir. O, Cənnətə daxil olur və onun qarşısına bir ev çıxır. Onu gördükdə səcdə edir. Ona deyirlər “Nə oldu?”. Deyir: “Mən öz Rəbbimi gördüm”.

Ona deyilir: “Bu sənin Cənnətdə olan evlərindən biridir”. Üzünü çevirib bir kişini görür, onun əzəmətindən səcdə edir. Ona deyilir: “Nə oldu?” deyir: “Sən mənim Rəbbimin mələklərindən birisən”.

O isə deyir: “Mən qullardan biriyəm”. Sonra Allah dünyanı yaratdığı gündən məhv etdiyi günə kimi dünyada olan nemətlər və onların on mislini ona verəcək. Nemətlər diyarı, xoşbəxtlik diyarı.

Qardaşlar, Cənnət əməllərlə əldə olunmur. Çünki biz nə qədər əməl etsək də, Cənnət ondan daha əzəmətlidir. Lakin o, Allahın fəziləti və rəhməti ilə əldə olunur.

“Sizdən heç biriniz Cənnətə əməllərinə görə girə bilməz”. “Səndəmi, ey Allahın Rəsulu?” deyə soruşuldu. O dedi: “Heç mən də, yalnız Allah mənə öz rəhmətini lütf edincə”.

Lakin əməl, qardaşlar, Allahın rəhmətini qazanmağa səbəbdir. Allahın rəhmətini Cənnətdə qazanmaq üçün səbəb – əməldir. Nə qədər çox əməllər edincə, o qədər də sənin dərəcən artırılar.

Ona görə də, qardaşlar, bir hədisdə gəlib ki, Allah öz qulu üçün Cənnətdə bir dərəcə istəyərsə, o isə bunun üçün kifayət qədər əməl etməzsə, Allah mələklərinə “Onun üzərinə çoxlu bəlalar endirin!”– deyər.

Sonra isə onu həmin bəlalara səbirli edər. Başına bəlalar gəlir, səbir edir və bununla Cənnətdə dərəcəsi artırılır. Cənnət nemətləri bitmir və orada ölüm yoxdur.

Xoşbəxtlik orada Allah (Subhənəhu və Təalə) görməklə kamilləşib tamamlanır. Ona görə də, qardaşlar, həqiqi xoşbəxtlik dünya və Axirətdə Allah qorxusu və saleh əməllərlə olur.

Ey Allahın qulu, təsəvvür et ki, sən dünyada Allahın sevmədiyi işləri etmisən. And olsun Allaha ki, sənin dünyada əldə edəcəyini zənn etdiyin xoşbəxtlik bir anlıq Cəhənnəmə girib çıxmağa bərabər olmaz.

Və təsəvvür et ki, sən darlıq və sıxıntı içində idin və saleh əməllər edirdin, and olsun Allaha ki, bir anlıq sənin Cənnətə girib çıxmağınla bütün bu sıxıntıları unudacaqsan.

Buna görə, Rəsulullah (sallAllahu aleyhi və səlləm) buyurmuşdur ki, Qiyamət günü Cənnət əhlindən olan bir kişi gətiriləcək ki, dünyada həmin kişi ən ağır və acınacaqlı vəziyyətdə yaşamışdır.

Onu bir anlıq Cənnətə salıb çıxaracaqlar, yalnız bircə anlıq və ona deyiləcək: “Sən bir dəfə də olsa belə çətinlik görmüsənmi?”  

Ey Allahın qulu, ey müsəlman! Təsəvvür et ki, həmin kişi sənsən, dünyada ən acınacaqlı və çətin vəziyyətdə olan insansan, lakin buna rağmən sən saleh əməllər edirsən.

And olsun Allaha ki, sənin bir anlıq Cənnətə girib çıxmağın, hələ Cənnətə əbədi daxil olmağını demirəm, bircə anlıq girib çıxmağın bütün bunları, (çətinlikləri, sıxıntıları) sənə unutduracaq.

Həmçinin Rəsulullah (sallAllahu aleyhi və səlləm) deyir ki, Qiyamət günü ən çox nemətlər və rahatlıq içində yaşayan insan gətiriləcək, bir anlıq Cəhənnəm oduna salınıb çıxarılacaq və ona deyiləcək: “Sən bir dəfə olsa belə nemət və rahatlıq görmüsənmi?”. O isə deyəcək: “Xeyr, heç qətiyyən nemət və rahatlıq görməmişəm”.

Təsəvvür et ki, sən günahlar və ya küfr içində olmağına baxmayaraq ən çox nemətləri olan kişisən. Dünyanın ən çox nemətləri olan kişi, səndən daha çox nemətləri olan başqa birisi qətiyyən yoxdur.

Və heç tarixdə belə olmayıb. Həmin günahkar insan, Allah qorusun və sizdən heç biriniz belə olmayasınız, Qiyamət günü onu gətirəcəklər  və bir anlıq Cəhənnəmə salınıb çıxarılacaq və deyəcək ki: “Mən, heç vaxtı nemətlər görməmişəm”. Buna görə də, qardaşlar, necə olur ki, biz saleh əməllər etməyə səhlənkar yanaşırıq, halbuki, Rəsulullah (sallAllahu aleyhi və səlləm) bizə bu barədə xəbər verib.

Və biz and olsun Allaha ki, onun doğru-dürüst danışdığını təsdiqləyirik. Necə olur ki, biz dünya həyatını pisləyirik, buna rağmən haram işlər görürük, vacib işləri isə tərk edirik və bu mümkün olan mükafatlara səhlənkar yanaşırıq?!

Ey Allahın qulu, əgər sən özün üçün, evin üçün xoşbəxtlik istəyirsənsə, evində problemlərin olmamasını istəyirsənsə, övladlarının saleh olmalarını istəyirsənsə, öz ölkən üçün xeyir istəyirsənsə, yaxşı yaşamaq, yaxşı ölmək və yaxşı dirilmək, həşr olunmaq istəyirsənsə, o zaman bu gün mövcud olan gözəlliyə riayət etməlisən, o da ki, saleh əmələrdir. Onlara həris ol və onlarla gözəlləş və ətirlən.

And olsun Allaha ki, saleh əməl Allahın sənə verdiyi ən böyük nemətdir. Mövzu çox genişdir, lakin mən söz verdim ki, saatın dörddə biri müddətində sizin vaxtınızı alacam.

Və bu gözəl sözlər gözəl insanlar üçün zikr olunmalı, xatırlanmalı sözlərdir. Sizin mislinizdə olan insanları görən biri üçün bu cürə sözləri danışmaq xoş gəlir.

Mən Alahdan (Əzzə və Cəllə) Onun gözəl adları və sifətləri ilə istəyirəm ki, bizim həyatımızı saleh əməllərlə xoş edib bəzəsin və bizi Onun gözəl qullarından etsin, bizi və bizim ölkələrimizi şərdən və şər işlər görənlərdən uzaq etsin və bizim Allaha gedən yolumuzu xeyirdən xeyirə gedən yol etsin ki, Onun (Subhənəhu və Təalə) rəhmətinə yetişək.

Allah isə daha doğrusunu bilir! Allahın salamı və salavatı onun Rəsulu Muhəmmədə, onun ailəsinə və səhabələrinə olsun.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir