Oxunma sayı: 240

Sual #301 : Şeyx Useymin – Təravih namazında rükətlərin sayı


Sual:

Allah sizə bərəkət versin! Dinləyici Yəsir Abdurrahim soruşur ki, Peyğəmbərdən (sallAllahu aleyhi və səlləm) nəql olunan doğru şəkildə qılınan təravih namazı necə olmalıdır? Çünki bəzi insanlar on üç rükət, bəziləri isə bundan da artıq rükət qılırlar. Biz isə on bir rükət qılırıq.

Tarix: 2018-01-21

Cavab #301 : Şeyx Useymin – Təravih namazında rükətlərin sayı


Şeyx Useymin:

Aişədən (Allah ondan razı olsun) Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) Ramazanda qıldığı namazın necə olması haqqında soruşulmuş və o buna belə cavab vermişdir:

“O, nə Ramazanda, nə də qeyrisində on bir rükətdən artıq qılmazdı. O dörd rükət qılardı. Bu dörd rükətin gözəlliyindən və uzunluğundan soruşmağına dəyməz. Sonra dörd rükət qılardı. Bu dörd rükətin gözəlliyindən və uzunluğundan soruşmağına dəyməz. (Çünki o namazları uzadar və gözəl şəkildə qılardı). Sonra üç rükət qılardı”. Buxari (1147), Muslim (738)

‘Dörd rükət qılardı’ cümləsi o demək deyil ki, o bunu bir təslim ilə (çiyinlərə salam verməklə) qılardı, necə ki, bunu bəzi insanlar başa düşürlər. Əksinə, dörd rükəti iki təslim ilə qılardı. Hər iki rükətdə salam verərdi. Çünki Peyğəmbər (sallAllahu aleyhi və səlləm) gecə namazı haqqında soruşulduqda “o iki–ikidir” söyləmişdir. Lakin o bunu fasilə etmədən dörd rükət qılardı. Yəni, ilk iki rükətin sonunda salam verər, sonra isə başqa iki rükətə başlayardı. Daha sonra istirahət edərdi və ardınca bir daha dörd rükət qılardı. Sonra istirahət edər və ardınca üç rükət qılardı. Budur hədisin mənası.

Beləliklə, ən yaxşısı insan on bir rükətlə kifayətlənsin. Lakin, namaz qılarkən tələsməsin, namazı uzatsın ki, insanlar rahat təsbih və dua edə bilsinlər.

Bu gün bəzi insanların etdiyi kimi olmasın. Belə ki, onlar (imamlar) tələsik namazı qılır, onların arxasında namaz qılan insanlar onların ardınca çatdıra bilmirlər. Bu cür etmək səhvdir, imam tərəfindən edilən səhvdir. Çünki imam üçün vacib olan Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) insanlarla namazı gözəl şəkildə və namazın vacibatlarından, ərkanlarından və şərtlərindən heç birində naqisliyə yol verməyərək qıldığı kimi qılmasıdır. Çünki o (namazın doğru– dürüst olması üçün) zamindir. Hətta insan on üç rükət qılsa belə, heç bir problem yoxdur. Çünki peyğəmbərdən (sallAlIahu aleyhi və səlləm) sabit olaraq ibn Abbasdan olan hədisdə rəvayət olunur, o, bəzən on üç rükət qılardı. Bundan artıq qılsa belə, heç bir problem yoxdur. Çünki məsələ genişdir.

Lakin ən önəmli olan odur ki, insan namazında rahat və mütmain olsun və tələsməsin, arxasında olan insanları nəzərə alsın və onlara rahat zikr və dua etmələri üçün imkan versin. Bu gecələr məhdud saydadırlar və bir ay ərzində bitəcəklər.

Lakin, təravih namazı rükətlərinin ədədlərində sünnəni tətbiq etmək üçün çalışan bəzi qardaşlar xəta olaraq imamla namaz qıldıqda onun on bir və ya on üç rükətdən artıq namaz qılmasını gördükdə ondan ayrılır və məsciddən çıxırlar. Bu cür etmək səhabələrin tutub getdiyi yola və şəriətin ixtilafa girməmək üçün qoyduğu qaydalara müxalif olmaqdır. Mən saleh sələflərdən olan elə bir alim tanımıram ki, on bir və ya on üç rükətdən artıq namaz qılmağı haram və qadağa etsin. Bəs necə yaraşar ağıllı möminə geniş olan bir məsələ ilə bağlı müsəlman camaatından ayrılsın. Səhabələr (Allah onlardan razı olsun) bundan daha böyük bir məsələdə bir rəydə ittifaq etmək üçün həris idilər.

Belə ki, Osman ibn Əffan (Allah ondan razı olsun) həccdə Minada olarkən namazı tam olaraq qılardı. Onun bu əməlini səhabələr inkar edərdilər. Lakin buna baxmayaraq, onun arxasında namaz qılardılar və namazı tamamlayardılar. Belə ki, onlar (səfərdə) namazın qısaldılması rəyinin doğru olduğunu hesab etsələr də, öz aralarında həmrəylik olsun deyə rükətlərin sayını artırardılar. İbn Məsud (Allah ondan razı olsun) Osman ibn Əffana öz inkarını bildirmişdi, lakin bununla belə onun arxasında namazı dörd rükət qılardı. Bu barədə soruşulduqda o, belə söyləmişdir:

“İxtilaf etmək şərdir”.

Bu onu sübut edir ki, səhabələrin (Allah onlardan razı olsun) metodu qəlblərin birləşməsi və vahid rəyin olması üçün zəruri olan bütün vasitələrə həris olmaq idi.

Mən həmin qardaşlarıma nəsihət edirəm ki, səhabələrin yolundan möhkəm tutmağa çalışsınlar. Onlar bizdən daha çox elmli, mükəlləfiyyət baxımından bizdən az və daha çox haqqa yaxın olanlardılar.

Daha pis olan odur ki, bu insan on rükət qıldıqdan sonra məsciddə öz yerində oturur və yoldaşı ilə söhbət edir, halbuki onlar namazda olan müsəlmanların arasında oturublar. Bununla namaz qılanları narahat edir və onlara əziyyət verirlər və namaz sıralarını pozurlar. Çünki onlar qiyam, rüku və səcdələrdə olan insanların arasında otururlar. Bunların hamısı cahilliyin, elmsizliyin nəticəsidir. Buna görə insan elmə malik olaraq düşüncəsiz deyil, həm elmli, həm də düşüncəli olmalıdır. Allahdan hidayət və sevib razı qaldığı şeylərə müvəffəq etməsini diləyirəm.

Sual verən:

Şeyx Useymin:

Xülasə olaraq, cavab budur ki, təravih namazında rükətlərin sayı məsələsi genişdir. Belə ki, on bir rükət və ya on üç rükət və yaxud da bunlardan daha çox qılarsa, bununla xeyir üzərində olacaq. Lakin daha fəzilətli olan on bir və ya on üç rükətlə kifayətlənməkdir.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir