Oxunma sayı: 202

Sual #288 : Şeyx Abdul-Aziz Ali Şeyx – Ey qardaşım, hər küfr edənə kafir demə!


Sual:

Allah sizin savabınızı artırsın! Möhtərəm şeyx, bəziləri: “Filankəs belə etdiyinə görə və filankəs də ondan bu sözü eşitdiyimə görə kafirdir” – deyirlər. İnsan sadəcə etdiyi bir əmələ görə kaformi sayılır? Yoxsa küfr edən insan kafir sayılmaya da bilər?

Tarix: 2018-01-14

Cavab #288 : Şeyx Abdul-Aziz Ali Şeyx – Ey qardaşım, hər küfr edənə kafir demə!


Şeyx Abdul-Aziz Ali Şeyx:

Qardaşım, bunlar fərqli məsələlərdir. Əvvəla kiməsə küfr kəlməsini aid edən müsəlman gərək uca Allahın:

“O gün ki, dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir. O gün Allah onlara özlərinə layiq cəzanı tam verəcək və onlar Allahın aydın Haqq olduğunu biləcəklər.” (ən-Nur, 24-25) – sözünü xatırlayıb Allahdan qorxsun!

Bu ayələr böhtanla bağlı hekayənin sonunda varid olmuşdur. Ondan əvvəlki ayədə buyurulur:

“Murdar əməldən xəbəri olmayan ismətli mömin qadınları zinada günahlandıranlar dünyada və axirətdə lənətə düçar olarlar. Onları böyük bir əzab gözləyir – o gün ki, dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir.” (ən-Nur, 23- 24)

Əgər zinadan xəbəri olmayan namuslu, ismətli mömin qadınları zinada ittiham edərək onlara böhtan atan kəsləri belə şiddətli əzab gözləyirsə və onlara bu cür dəhşətli cəza vəd verilmişdirsə, müsəlmana kafir deyərək həqiqətdə onu İslam dinindən çıxaran kəsin aqibəti necə olacaq?

Ey qardaşım, hər eşitdiyin sözə və ya şahidi olduğun əmələ onun küfr olmasını aydınlaşdırmayınca küfr hökmü vermə! Ola bilər ki, insan səhv bir əməlin düzgün olduğunu güman edərək onu icra etsin və ya səhv bir sözü doğru zənn edərək söyləsin. Təkəbbürlü inadkara gəlincə onun hökmü başqadır. Məsələn, batili doğru sayıb ona uyğun əməl edən hər hansı bir şəxs, ona haqq və hidayət yolu bəlli olduqdan sonra səhvini başa düşər və haqqa qayıdar. Ola bilsin ki, söz və ya əməl özlüyündə küfr olsun. Lakin bu sözün və ya əməlin sahibinə gəldikdə isə onun halını araşdırmaq lazımdır.

Buna Muaz bin Cəbəlin Peyğəmbəri (sallAllahu aleyhi və səlləm) gördükdə ona səcdə etməsini dəlil gətirmək olar. Muaz Peyğəmbərə təzim etməyin Allaha təzim olduğunu hesab edərək ona səcdə etmişdir. Peyğəmbər (sallAllahu aleyhi və səlləm) isə ona buyurmuşdur:

“Əgər bir şəxsin digərinə səcdə etməsini əmr etməli olsaydım, qadının öz ərinə səcdə etməsini əmr edərdim!”

Çünki ərinin onun üzərində böyük haqqı vardır. Muaz Peyğəmbərə səcdə etməyə icazə istədi yoxsa ona səcdə etdi? Bu əməl – Peyğəmbərə səcdə etmək və ya onu icra etməyə icazə istəmək küfrdür. Əgər: “İcazə ver sənə səcdə edim” sözünün həqiqi mənasını anlayaraq desəydi bu küfr sayılardı. Lakin bu əməli Allaha ibadət sayaraq edən şəxsə onun bu işinin ibadət olmadığı açıqlanmalıdır. Yəni, ola bilər ki, insan hər hansı sözü və ya əməli cahilliyi ucbatından etsin. Bu halda ona haqqın nə olduğu bildirilməli və doğru yol izah olunmalıdır.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir