Oxunma sayı: 227

Sual #266 : Şeyx Salih Ali Şeyx – Təkfir məsələləri nəinki cahillərin, heç elm tələbələrinin də işi deyil


Sual:

Allah sizi xeyirlə mükafatlandırsın. Cənab şeyx, təkfir məsələləri Allahın kitabında və Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sünnəsində tam aydın şəkildə açıqlanmışdır. Həmçinin tədris proqramlarında da bu məsələnın təhlükəli olması barədə açıqlama verilmişdir. Lakin bunlara rağmən yenə də yolunu azanlar olmuşdur.

Cənab şeyx, bunun səbəbi nədədir?

Tarix: 2018-01-14

Cavab #266 : Şeyx Salih Ali Şeyx – Təkfir məsələləri nəinki cahillərin, heç elm tələbələrinin də işi deyil


Şeyx Salih Ali Şeyx:

İlk olaraq istərdim deyim ki, təkfir etmək, hökm verməkdir. Təkfir etməyin mənası, hansısa müsəlmana kafir deməkdir. Təkfir etmək Allahın kitabında və Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sünnəsində vardır.

Bu təkfir, Allahın kafir adlandırdığını təkfir etmək, yaxud dinindən çıxmış (mürtəd olmuş) müsəlmanı təkfir etməkdir. Bu Allahın kitabında və sünnədə mövcud olan hökmdür.

Uca Allah buyurur:

“İslamı qəbul etdikdən sonra kafir olmuş…” Tövbə, 74.

“İman gətirəndən sonra kafir olanlar…” Ali İmran, 90.

“Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin ki) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da(Allahı) sevərlər…” Əl-Maidə, 54.

Həmçinin Peyğəmbər (sallAllahu aleyhi və səlləm) bəzi mürtədləri: “Dinini tərk edib camaatdan ayrılan” sözləri ilə vəsf etmişdir.

Demək şəriətdə təkfir hökmü mövcuddur. Əhli sünnə və cammat “Lə iləhə illəllah, Muhəmmədən rəsuləllah” kəlməsinə şahidlik edən müsəlman söz, əməl, etiqad və ya şəkk etməklə mürtəd ola bilər.

İslam məzhəblərinə xidmət edən elm adamlarının təfsir, əqidə və fiqh kitablarında yazıb topladıqları məlumatlar da bunu təsdiqləyir. Bütün təfsir, hədis, hədislərin şərhi və fiqh kitablarında, hətta istənilən məzhəbdə “Mürtədlərin hökmü” adlı fəsil mövcuddur.

Təkfir məsələsi çox çətin, fiqh kitablarında ən son fəsillərdə yer almış məsələ olduğu halda, namazın və ya zəkatın təfsilatlı hökmlərini bilməyən insanlar bu məsələyə qarışmışlar. Halbuki adı çəkilən məsələ həm anlayış, həm də tətbiq baxımından fiqhin ən çətin bölümüdür.

Ümumi olaraq demək olar ki, təkfir etmək məsələsi siravi insanların öhdəliyində deyildir. Əgər fiqh kitablarında mövcud olan alış-veriş məsələləri barədə hökmü bu işdə mütəxəssis olanlar öz öhdəliklərinə götürürlərsə, ortaqlıq məsələlərində hökmü bu işdə mütəxəssis olanlar verirlərsə, vəqflər, vəsiyyətlər və miras məsələlərində hökmü, vərəsə payının bölünməsində, vəsiyyət və miras mütəxəssisləri verirlərsə, həmçinin cinayət məsələlərində kimin ölməsini, kimdən qisas alınmasını, kimə qanbahası verilməsini və s. bu kimi şəriət məsələlərində hökm verilməsi qaziyə və fitva sahiblərinə həvalə edilirsə, bəs hansısa müsəlmanın kafir olmasına dair hökm vermək necə?! Heç şübhəsiz ki, bu məsələ fitva, həm də hökm vermək baxımından daha çətindir. Ona görə də bu məsələdə hökm vermək siravi müsəlmanların səlahiyyəti deyildir. Həmçinin bu məsələnin tətbiqi hər bir müsəlmandan tələb olunmur.

Yaxud kimsə deyə bilməz ki, mən öz fikrimcə filankəs və filankəsə hökm verirəm. Bu məsələ şərtlərin, maneələrin, həmin hökm barəsində təfsilatlı hökmlərin mövcudluğundan asılıdır. Ona görə elm adamları təkfir məsələlərini sıravi insanların deyil, yalnız qazilərin öhdəliklərinə buraxırlar.

Hətta sıravi elm tələbələri, “filankəs mürtəd olub”, yaxud “filankəs dindən çıxıb” və ya “filankəs kafirdir” deyib hökm verə bilməzlər. Bu, qazilərə xas olan məsələlərdəndir. Belə məsələlərdə qazi və yaxud qazilik şərtlərinə sahib olan müfti hökm verə bilər.

Söhbət qazilik işini gözəl bacaran, şərtləri və maneələri isbat etmək bacarığı olan müftidən gedir. Elə buna görə deyirik ki, deyilən məsələlərdə tələskənliyə yol vermək olmaz. Mən, şəriət hökmünü inkar edənlərin tərəfini tutmuram.

Heç şübhəsiz “Mürtədlik adlı fəsil yoxdur”, yaxud “Müsəlman mürtəd ola bilməz”, “Heç təkfir etmək olmaz” kimi fikirləri söyləmək çox təhlükəlidir. Hətta elələri də vardır deyirlər ki, yəhudi və xaçpərəstləri, qeyri-müsəlmanları təkfir etməyin.

Bu Uca Allahın kitabındakı və Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) sünnəsindəki hökmlərə ziddir. Bizim dediyimiz odur ki, deyilən hökm Quran və Sünnədə mövcuddur. Lakin bu barədə hökm vermək kimin səlahiyyətidir?

Elm adamları təkfir məsələsini açıqlayıblar, amma bu barədə kim hökm verməlidir? Bu məqamda məsələnin qaydası qoyulmalıdır. Belə ki, məsələ fiqhi və etiqadi baxımdan mövcuddur. Təkfir məsələsi əqidə kitablarında yer almışdır.

Bu məsələnin əqidə kitablarında yer alması etiqad etmək üçündür, hökm vermək üçün yox. Çünki bu məsələdə hökm vermək fiqhlə bağlıdır. Əqidədə təkfirin bəzi növləri yer almışdır ki, sən onları etiqad edəsən.

Yəni kimdir küfr edən? İnsanı küfrə aparan əməllər hansılardır? Bu əməllərin vəsfi nədir? Müsəlman bunları bilməlidir ki, özünü bu əməllərdən qorusun, Uca və Nöqsansız Allahın və rəsulunun (sallAllahu aleyhi və səlləm) dediklərini etiqad etsin.

Az öncə qeyd etdiyimiz Riyad partlayışlarından sonra bu boşluq meydana çıxdı. Bundan dərhal sonra İslam işləri, vəqflər, dəvət və irşad nazirliyi ifratçılığa aparan məsələlərin açıqlanması, mötədilliyə çağırış və təkfir məsələlərinin izahı barədə bir neçə mühazirə və kurslar təşkil etmişdi.

Həmin kurslardan biri sizin az öncə qeyd etdiyiniz kurslar idi. Bu kurslar, təkfir məsələləri ilə bağlılığı olan məsələlərin açıqlanmasına və gəncləri bu məsələyə can atmaqdan çəkindirməyə həsr edilir.

Mən çoxdan bəri yaxın münasibətdə olduğum bir çox gənclər və elm tələbələrindən gördüklərimə əsasən deyə bilərəm ki, əksər gənclər bu məsələlərə müdaxilə etməyə can atır və bu barədə danışmağı xoşlayırlar. Amma əslində bu onlara vacib olanın tam əksidir.

Onlara vacib olan odur ki, dinlərində onlara fayda verən məsələlərə müdaxilə etsinlər, araşdırsınlar. Amma o məsələlər ki, qazilərin və ya müftilərin ixtisasına daxildir, sıravi insanların belə məsələlərə müdaxilə etmələri yaxşı hal deyildir.

Əslində bu zəlalətə və haqq yoldan azmağa səbəb olur. Əgər diqqətlə fikir versən görərsən ki, sıravi insanların belə məsələlərə müdaxilə etmələri sonda öz nəfsi istəkləri ilə kiməsə kafir hökmü verməklə nəticələnəcəkdir.

Yəni, bir insanın hərəkəti başqasının xoşuna gəlmədikdə ona hökm kəsəcək, yaxud kimsə deyəcəkdir ki, bu hərəkətdən elə çıxır ki, bu insan dinə nifrət edir… və s. Yəni, iş o yerə gəlib çatacaq ki, əməllərin zahiri anlamına görə hökm verəcəklər.

Bu bəzi İslam ölkələrində baş vermişdir. Bəzi dəstə və camaatlar əməllərin zahiri anlamına görə insanlara hökm vermişlər. Yəni, demişlər ki, onun sözündən belə çıxır ki, bu belədir.

Amma üsulul fiqh elm adamları isə deyirlər ki, məzhəbdən doğan məsələlər mütləq məzhəb sayılmır. Hər küfr edən kafir olmur. Ola bilər bəzən söz sahibi dediyi sözə görə mühakimə edilsin, amma onun dediyi söz onu dindən çıxarmasın.

Ümumi olaraq təkfir fikrinə aparan məsələlərdən biri də Allahın hökmü ilə hökm verməmək məsələlərinə müdaxilə etməkdir.

Allahın hökmü ilə hökm etməmək məsələləri ta qədimdən elm adamlarının kitablarında, əqidə, hədis, fiqh və təfsir kitablarında ətraflı şəkildə açıqlanmışdır. Bu barədə İbn Abbas (radıyAllahu anhu) və digər İslam alimləri açıqlama vermişlər.

Amma indi görürsən ki, cavandır, on beş, on yeddi, iyirmi və ya iyirmi beş yaşı var, fiqh və ya əqidə kitablarını bilmirlər, amma Allahın hökmü ilə hökm verməmək məsələsində mübahisə edirlər.

Bu məsələ bəzi cəmiyyətlərdə və dəstələrdə təkfir məsələsinin canlandırılması üçün hədəfə çevrilmişdir.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir