Oxunma sayı: 217

Sual #203 : Şeyx Albani – Məscid imamlarının arxasında namaz qılmayanlar (Maidə 44-ün təfsiri)


Sual:

Hollandiyada bir dəstə insan var onlar yeni fikirlə gəliblər. Bildiyimiz qədər bu fikirin əsası Misirdən gəlir. Bu, təkfir və hicrət camaatıdır.

Şeyx Albani:

Bu fikirlər artıq Cəzairə də gedib çatmışdır.

Sual verən:

Hollandiya şəhərlərinin birində bir dəstə insan var. Onlar məscidlərdə namaz qılmır, özlərindən başqasını hətta sələfi qardaşlarımızı da kafir sayırlar. Bəhanələri isə odur ki, onların kafir saydıqları adamlar bidət əhlindən olan imamların arxasında namaz qılırlar və s. Amma əslində bu məscidlər digər İslam ölkələrindəki məscidlərdən heç də fərqlənmir. Yəni, oradakı müsəlmanlar yer alıb məscid düzəldib, bir nəfər də imam təyin edib, ona xüsusi maaş ayırıblar. Yəni, bu imamın Məğribdəki, Cəzairdəki və ya digər ölkələrdəki imamlardan heç bir fərqi yoxdur. Amma bu insanlar deyirlər ki, biz bu imamın arxasında namaz qılmırıq. Mən bir dəfə onların yanına getdim və bu məsələ barədə onlarla söhbət etdim. Onlar dedilər ki, bizim bu məscidlərdə ibadət etməməyimiz bu məscidlərdə baş verən bidət və pisliklərə qarşı etiraz əlaməti daşıyır. Təbii ki, bu onların dedikləridir. İndi bu insanlar olduqları kimi davam etsinlər, yoxsa digər müsəlmanlar kimi onlar da məscidlərdə namaz qılsınlar?

Tarix: 2018-01-04

Cavab #203 : Şeyx Albani – Məscid imamlarının arxasında namaz qılmayanlar (Maidə 44-ün təfsiri)


Şeyx Albani:

Bu insanların müsəlmanların arxasında namaz qılmamaq problemi deyiləndən daha çox təhlükəlidir. Onların bu məscidlərdə namaz qılmaqdan imtina etmələrinin arxasında heç də həmin məscidlərdəki imamların ixlassız olmaları, maaşa görə imamlıq etmələri, yaxud bu məscidlərdə bir çox bidət və xoşagəlməz halların olması kimi səbəblər dayanmır. Onların problemi bu deyil. Problem burasındadır ki, həmin insanlar onların gözündə kafirdirlər. Çünki onlar İslam ölkələrindəki müsəlmanları, hələ mən Avropada yaşayanları demirəm – onlar İslam ölkələrindəki müsəlmanları kafir kimi görürlər. Onlar kafir hökmünü rəhbərdən başlayaraq, siravi insanlara qədər silsiləvi olaraq tətbiq edirlər. Eyni zamanda uca Allahın: “Allahın nazil etdiyi şəriət ilə hökm etməyənlər, əlbəttə kafirlədir” – ayəsini bütün İslam ölkələri rəhbərlərinə şamil edir, heç bir fərq qoymurlar. Daha sonra bu silsiləvi hökmü təkcə məscidin imamına, müəzzininə deyil, hətta məscid xidmətçisinə qədər uzadırlar. Onlar bunu nə üçün edirlər? Çünki – onların fikrində – həmin insanlar rəhbərə kömək edir, onun hökmü ilə razılaşırlar. Ona görə də küfr hökmünü rəhbərdən başlayaraq ən adi insan qədər uzadırlar. Onlara görə hamı kafirdir və bu səbəblə də imamların arxasında namaz qılmaqdan imtina edirlər. Bu heç də imamların ixlaslı olmamalarına, bidətlərin olmasına və s. belə səbəblərə görə deyil. Biz bu boşboğazlıqları çoxdan eşitmişik. Biz burada bəzi müsəlman gənclər tanıyırıq. Elə bilirdik ki, onlar da bizimlədir, bizdəndirlər. Doğrudan da mən onlara təəccüb edirdim. Onlar mənim kitablarımdan dəlil gətirir, bu kitablardan faydalanır və bunu açıq etiraf edirdilər. Biz onların bəziləri ilə burada toplantı qurduq. Çünki onlar camaat və cümə namazlarını bizimlə qılmaqdan imtina edirdilər. Səbəb isə az öncə dediyim idi. Onların səhvi Quran ayəsindən başlayır. Belə ki, onlar bu ayəni səhv başa düşüblər. Bu səhv anlayışdan da çoxlu səhvlər meydana gəlir. Onların ilk səhvi budur ki, onlar İbn Abbasın əl-Maidə surəsindəki ayənin təfsirində: “Bu kiçik küfrdür”. – sözlərinin zəif olduğunu deyirlər. Halbuki onlar cahilin cahilidirlər. Onlar nə hədis elmini, nə də cərh və tədil elmini bilmirlər. Onların dini nəfsi istəkləridir. Tamamilə ilkin xəvariclər kimi, nə xoşlarına gəlirsə onu özlərinə din edir, xoşlarına gəlməyəni isə bir kənara atırlar. Biz reallıqda bu insanlara baxsaq onların arasında ixlaslı insanlar görə bilərik, lakin onlar zəlalətdədirlər. Çünki onlar elmsiz hərəkət edirlər. Onların, özlərinin qarşısını kəsəcək alimlərə ehtiyacları vardır. Ona görə onlarla münaqişə edərkən ilk olaraq müsəlmanlara kafir demələrindən başlamaq lazımdır. Dediyim kimi, onlar öz istəkləri ilə hərəkət edir, şəriət dəlillərindən özlərinə sərf edəni götürürlər. Uca Rəbbimiz deyir ki, “Allahın nazil etdiyi şəriət ilə hökm etməyənlər əlbəttə kafirlərdir.”

Onlar bu ayəni zahirən götürür və ayədə kimdən bəhs edildiyinə baxmırlar. Ayədə yəhudilərdən danışılır. O zaman yəhudilər iki qism idilər. Bir qism digərinə ağalıq edir, onlardan sevgi və s. alırdılar. Uca Allah Muhəmmədi (sallAllahu aleyhi və səlləm) peyğəmbər göndərəndə yəhudilər onda yalnız sadiqlik, həqiqəti deyən kimi müsbət xüsusiyyət gördülər. Lakin həsəd, paxıllıq, düşmənçilik mövqeyini tutub onun Peyğəmbərliyini inkar etdilər. Necə ki, uca Allah Qurani-Kərimdə buyurur: “Kitab (Tövrat və İncil) verdiyimiz şəxslər onu (Muhəmmədi) öz oğullarını tanıdıqları kimi tanıyırlar …”.

Bununla belə aşağı təbəqənin insanları dedilər ki, biz Muhəmmədi (sallAllahu aleyhi və səlləm) hakim tutacağıq. Yuxarı təbəqənin insanları öz aralarında dedilər ki, olsun. Əgər biz deyəni desə qəbul edin, əks halda onun dediyindən imtina edin. Bu zaman uca Allah bu ayəni nazil etdi. Yəni, onların Muhəmmədə küfr etdikləri halda onu hakim tutmalarını aşkara çıxartdı.

Birincisi:
Bu ayə əslən İslama iman gətirməyənlərə aiddir. İslama iman gətirib qismən onu tətbiq etməyənlərə aid deyildir.

İkincisi:
Onlar lüğəti və şəri mənanı, küfrün dərəcələrdən ibarət olduğunu anlamırlar. Peyğəmbər (sallAllahu aleyhi və səlləm) demişdir: “Müsəlmanı söymək fasiqlik, qətlə yetirmək isə küfrdür”. Demək bu hədisdəki “küfr” uca Allahın ayədə dediyi küfrlə eynidirmi? Cavab: Xeyr! Həmçinin imam Buxarinin Cərir ibn Abdullah əl-Bəcəlidən rəvayət etdiyi hədisdə deyilir ki, Peyğəmbər (sallAllahu aleyhi və səlləm) vida həccində xütbə verir və sonra Cərirə deyir: “İnsanları susdur ki, mənim dediklərimi eşitsinlər.” Peyğəmbər (sallAllahu aleyhi və səlləm) onlara moizə etdi və dedi: “Məndən sonra kafir olub, bir-birinizin boynunu vurmayın!”

Kafir olmaq dindən çıxmaqdır. Bu əsasla Quranın tərcüməçisi – İbn Abbas (Allah ondan razı olsun): “Allahın nazil etdiyi şəriət ilə hökm etməyənlər əlbəttə kafirlərdir” – ayəsi haqqında demişdir:

“Bu heç də onların zənn etdikləri kimi deyildir. Bu, böyük küfrdən aşağı dərəcədə olan kiçik küfrdür.”

Bu isnadı səhih olan bir hədisdir və heç kəs bunda şübhə edə bilməz. Lakin onlar görəndə ki, bu hədis onların tutduqları yolun qarşısını kəsir onda bu hədisin səhih olmadığını iddia etdilər. Həmçinin uca Allah buyurur: “Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları dərhal barışdırın. Əgər onlardan biri təcavüzkarlıq etsə, təcavüzkarlıq edənlə Allahın əmrinə (itaətinə) qayıdana qədər vuruşun…”

Bu ayədə uca Allah təcavüzkar dəstəni, təcavüzə məruz qalan dəstə kimi eyni adla, mömin dəstə adlandırmışdır. Halbuki hədisdə deyilmişdi ki, möminləri öldürmək küfrdür. Demək ibn Abbas ayənin təfsirində “bu kiçik küfrdür” deməklə doğru söyləmişdir.

Dediyin insanlar cahildirlər. Kifayət edər ki, onlar qürurlanmış gənclərdir. Yəni, bu insanların arasında yaşa dolmuş altmış, yetmiş yaşı tamamlanmış insan görməzsən. Mən bu yaşa çatıb cahil olanları nəzərdə tutmuram. Nəzərdə tutduğum insanlar bu yaşa dolub elmdə, püxtələşib, nəsx-mənsuxu, ümumi və xüsusini, mütləq və müqəyyədi, səhabələrin səhih əsərlərini zəifindən fərqləndirən insanlardır.

Son olaraq deyə bilərəm ki, bu insanlar Qurani-Kərimin bir çox ayələrindən kənara çıxıblar. Bu şəriət dəlilini də sizə təqdim edib məclisi tamamlayıram. Uca Allah buyurur: “Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib, möminlərin qeyrisinin yoluna uyarsa, onu istədiyi (özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir”.

Bu insanlar qeyri möminlərin yolunu tutublar. Çünki müsəlmanların tarixindən on dörd əsr keçib. Tarix boyu bir çox tayfalar, xəvariclər, mötəzililər, murciələr və s. meydana çıxıb. Lakin bununla belə müsəlmanlar, hətta ilk əsrlərdən yaşayanlar, məsələn Əli ibn Əbu Talib (Allah ondan razı olsun) xəvariclərin kafir olmaları barədə soruşulanda demişdir: “Xeyr, onlar küfrdən qaçıblar, necə kafir ola bilərlər”. Bəs görəsən az sayda olan bu insanlar özlərindən başqa bütün müsəlmanları necə kafir adlandırırlar?! Hansı ki, onların elmdən payları yoxdur. Bu da onların belə dəhşətli hökmlər vermələrinə səbəb olur. Əslində isə onlar Quran və Sünnə barəsində əsl cahildirlər.

 

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir