Oxunma sayı: 53

Sual # : Şeyx Abdullah Buxarinin şeyx Muqbil haqda sözünə açıqlaması


Sual verən:

Hörmətli şeyximiz, bizə sizin səs yazınız çatıb, orada şeyx Muqbil barədə deyirsiniz ki:

“Allah rəhmət eləsin, şeyxin o mövqeyi heç bir Sünnə əhlinin xoşuna gəlmir, alimlərdən heç biri o mövqeyə müvafiq deyildilər, nə şeyx ibn Bəz, nə şeyx ibn Useymin, nə şeyx Rabi nə də başqa alimlər. Düzdür? Şeyx Muqbilin bu tövhid diyarına və kral Fəhdə (Allah rəhmət eləsin) və başqalarına olan söyüşü, təhqiri. Şeyx saleh insan idi, ölümündən iki ay öncə tövbə etdi. Buna görə Dəmmacdan gələn hər kəs barədə, Sünnə üzərindədir deyə yanımıza gələnlər barədə zənn edirdik ki, onların hamısı belədir, bu fikirlərdə öz şeyxlərindən təsirləniblər, bu fikirdə xəvaricdirlər. Həmin vaxtlarda oradan gələn hər kəs barədə nə yaxşı zənn etməzdik, nə də hamısı barədə pis zənn etməzdik, həmin kəsin işində dayanardıq, durardıq”

Sizdən bu şeylər barədə açıqlama vermənizi rica edirik.

Tarix: 2018-02-27

Cavab # : Şeyx Abdullah Buxarinin şeyx Muqbil haqda sözünə açıqlaması


Şeyx Abdullah Buxari:

Rəhmli və mərhəmətli Allahın adı ilə. Həmd ancaq Allahadır, Ona həmd edir, Ondan bağışlanma diləyir, nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allahın hidayət etdiyini azdıran, azdırdığını hidayət edən tapılmaz, şəhadət verirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur, təkdir, şəriki yoxdur və şəhadət verirəm ki, Muhəmməd Onun quludur və Elçisidir. Allahın ona, ailəsinə və səhabələrinə salamı və salavatı olsun. Beləliklə:

Məlumdur ki, Allah təalə Peyğəmbəri (Allahın ona salamı və salavatı olsun) aləmlərə rəhmət olaraq, müjdələyən və qorxudan olaraq göndərmişdir. Ona iman gətirənləri müjdələyən, ondan və sünnətindən üz çevirənləri də qorxudan olaraq göndərmişdir. Peyğəmbərdən (Allahın ona salamı və salavatı olsun) bu dini onun hörmətli səhabələri (Allah onlardan razı olsun) götürüb, özlərindən sonra gələnlərə çatdırmışlar, tam əmanətlə bu dini daşımışlar, çatdırdıqlarında və daşıdıqlarında Allah üçün ixlaslı olmuşlar. Onlardan da bu dini tabeinlər və hidayət imamları götürüb daşımış və özlərindən sonra gələnlərə ötürmüşlər. Bax beləcə bu dini, Peyğəmbərin (Allahın ona salamı və salavatı olsun) gətirdiyi bu Sünnəni hər bir zamanda sadiq, əmin kişilər daşımışlar. Elə kişilər ki, Allaha verdikləri sözlərində doğru, sədaqətli olanlar idilər. Bu minvalla da əsrlər keçdi və hər bir əsrdə insanlara haqqı bəyan edən, Sünnəni ortaya qoyan, açıqlayan, müdafiə edən və şübhələri puça çıxaran şəxsiyyətlər gəldi. İmam Əhməd, imam ibn Teymiyyə, tələbəsi ibn Qeyyim, imam Muhəmməd ibn Abdul Vahhab – Allah ona rəhmət etsin – başqa övladları, nəvələri, ta bu günümüzədək. Bu dəvəti bir neçə əzəmətli, nəsihətçi, sədaqətli alimlər yerinə yetirdilər ki, onlar barədə belə olduqlarını hesab edirik, Allah yanında heç kimi təmizə çıxarmırıq.

Saleh, sadiq, nəsihətçi, daima sədaqətlə haqqı açıq-aşkar olaraq deyən bu alimlərdən biri də, şeyx, alləmə Muqbil ibn Hədi əl–Vadiidir, Allah ona rəhmət etsin və günahlarını bağışlasın. Yəmən diyarında həqiqi olaraq insanları dəvət etməklə məşğul olmuş, Sünnəni onlara bəyan etmişdir, həm orada, həm də başqa yerlərdə saysız–hesabsız insanlar ondan təsirlənmişlər. Sənin zikr etdiyin o kəlmədən bu başa düşülməsin ki, biz, deyilmiş o sözü etiqad edir və ya onu təsdiq edirik. Əgər bu kəlmədə nəsə bir şübhə, anlaşılmaz bir şey varsa, bundan Allaha sığınırıq, əgər o söz ağıllarda pis bir məna buraxıbsa, o xarab mənadan Allaha sığınırıq. Yoxsa ki, şeyx Muqbilin həm sağlığında, həm də vəfatından sonra kitablarımızda ona olan tərifımiz göz önündədir. Dəfələrlə ona tərif olaraq danışmışıq, Allah üçün o kişini həm sağlığında, həm də ölümündən sonra sevmişik. Ona olan təzimimiz hansısa bir şey üçün yox, məhz onun Sünnəyə təzim etməsi, Sünnə üzərində sabit qalması üçündür. Allah ona rəhmət etsin.

Əbul-Həsən Məribiyə rəddiyyə yazdığım, neçə vaxt bundan öncə çap olunmuş (Fərhu ər-Rabbani) kitabımda dediyim sözlərimdən biri də bu idi iki, bu Əbul–Həsən Məribi özünü belə göstərirdi ki, bu kəs nəsihətçi, məsələləri açıqlayan, aydınlaşdıran birisidir, əgər Yəmənin dağlarından, vadilərindən, cığırlarından, yamaclarından, qayalarından, şəhərlərindən, səhralarından, kişilərindən, qadınlarından, kiçiklərindən, böyüklərindən, qəbilələrindən, nəsillərindən soruşsan, hamısı sənə cavab verər ki, Əbul-Həsən Məribi heç vaxt fitnəyə çağıran olmamış, əksinə Allah onun əli ilə qan düşməsinin qarşısını almışdır…

Bəzi şeyxlərə rədd edərək başqa-başqa nələr danışdı, mən də bütün bunlara “Fəthu ər–Rabbani” kitabımda cavab verdim. Dediyi bu şeylərə cavab olaraq dedim ki:

“Onun dediyi bu söz ən çirkin, ən murdar tərzdə həddi aşmaqdır!! Sual çıxır ki, yaxşı, Məribi bunu deməklə Yəmən diyarında dəvəti öz çiyinlərində daşıyan muhəddis, şeyx Muqbil ibn Hədi əl-Vadii (Allah rəhmət etsin) üçün nə saxladı?! Əgər bu vəsfləri şeyx Muqbil özü barəsində demiş olsaydı – amma haşa, o bunu heç vaxt deməzdi – deyilərdi ki, şeyx mübaliğə etdi, şişirtdi, şeyx özünün Yəmən üçün nemət olduğuna şəhadət verir. Elə isə Məribi özü üçün nə fikirləşir, özü üçün bu boyda əcaib, qəribə tərifləri şamil edir, elə vəsfləri ki, o vəsflər şöhrəti sevən, etmədiyi şeyə görə təriflənməyi sevən, xəstə nəfs üçün deyildir”.

Şeyx barəsində etiqadımız budur, bunu da dəfələrlə açıq–aşkar bildirmişik. Dəfələrlə kasetlərimizdə şeyx Muqbilin məkanını, insanlar yanında mənzilini bəyan etmişik. Allah ona rəhmət etsin.

Xatirimdədir, səhv etmirəmsə 1408–ci ildə şeyx Albani Mədinəyə gəlmişdi, mən də məclisdə idim, bir yəmənli gəldi, şeyxə sual verdi ki, eşitmişik ki, Yəmənə gələcəksiz?! Şeyx Muqbil həmin vaxt sağ idi və bu xəbər ona çatanda sevincdən ağlamışdı. Şeyx Albani dedi ki, bu xəbər doğru deyil. Sonra şeyx Muqbil (Allah rəhmət etsin) barədə soruşdu ki, necədir? Dedi ki, şeyx dəvətdədir, Allaha həmd olsun ki, Allaha dəvətlə məşğuldur. Şeyx Albani (Allah rəhmət etsin) dedi:

“Çox gözəl tələbə idi, indi də çox gözəl şeyxdir.”

Bunu öz qulaqlarımla şeyx Albaninin dilindən eşitmişəm. Məlumdur ki, bu uca məkan şeyxin elmdə mənzilinə, imamlığına, öndərliyinə dəlalət edir. Məlumdur ki, şeyx bu əsrdə böyük elm əhlindəndir. Bunu da dəfələrlə demişik ki, bu əsrdəki sayılıb-seçilən alimlərdən biri şeyx Muqbildir, Allah ona rəhmət etsin. Bu dərəcələrlə yanaşı az adam olar ki, səhvə, xətaya düşməsin. İbn Məin demişkən, təəccüblüsü hədis rəvayət edib xəta etmək deyil, təəccüblüsü hədis danışıb isabət etməkdir. Az adam olar ki, xətadan salamat olsun. Bunu da imam Şafii və Əhli Sünnənin başqa imamları demişlər.

Şeyx Muqbilin əvvəllər dediyi bəzi sözləri vardı, Allah bizi də, onu da bağışlasın. Bu sözlərə görə bəzi elm əhli ona irad tutmuş, bəziləri ona cavablar vermiş, bəziləri də onunla yazışmış, nəsihət etmişlər. Allah ona rəhm etsin, bu şeylər elm əhli tərəfindən razı qalınan şeylər deyildi. Həmin vaxtlar qorxulurdu ki, təkfirçilərdən, qutbiçilərdən və onların yolunda olan həva və bidət əhli bu şeylərdən istifadə etsinlər. Faktiki olaraq bəzi həva əhli şeyxin (Allah ona rəhmət etsin) istər tövhid diyarı olan bu Səudiyyə dövləti bərədə, istərsə də bəzi şeyxlər barədə dediyi o sözləri tutub, öz xeyirlərinə istifadə etdilər, öz çirkin tənlərində, ləkə atmalarında bunlardan istifadə etdilər. Elm əhli bu şeylərdə şeyxin xəta etdiyini bildirdilər və ona müvafiq olmadılar. Buna görə də dedik ki, bu fikir Sünnəyə müxalifdir, hidayət yoluna müxalifdir. Yəməndə şeyxin yanında oxuyan, oradan Mədinəyə yanımıza gələn bəzilərini tanıyıram ki, şeyxin (Allah rəhmət etsin) dediyi o sözləri onlar da deyirdilər. Buna görə dediyim kimi, oradan gələn hər kəs barədə nə pis zənn etməzdik, nə də yaxşı zənn etməzdik. Kim o sözlərin arxasında gizlənərdisə, haqq ona bəyan olunardı, əgər haqqa qayıdardısa, əlhəmdulilləh, yoxsa həmin kəsin barəsində qorxulardı.

Allahın həm bizə, həm şeyxə, həm də ümmətə olan fəzilətindən oldu ki, şeyx ölümündən qabaq bu diyar barədə öz mövqeyini açıqladı (Allah ona rəhmət etsin). Bu da onun saleh olmasına, xeyir üzrə olmasına, sadiqliyinə dəlalət edir ki, Allah onun üçün ölümündən öncə haqqa və xeyirə qayıtmaq yollarını asanlaşdırdı. Həmd Allahadır, minnət qoyan da Odur. Şeyx də tövbəsini “Səudiyyədə gördüklərim” (Muşəhədəti fi əs-Suudiyyə) adlı kasetində danışdı, yaydı, “Fitnələrdən çıxış yolu” (əl-Məxaracu min əl–fitən) və başqa kitablarında demiş olduğu o sözləri də yaymağa heç kəsə də izn vermədi. Bu da məlumdur ki, şeyxin bu sözlər olan bir neçə kitabına qadağa qoyulmuşdu. Şeyxi haqqa qayıtmağa və dönməyə müvəffəqiyyət etdiyinə görə Allaha həmd olsun.

Dediyimiz kimi şeyx bu məsələdə xəta etmişdir, lakin o, inşəAllah bir əcrlə iki əcr arasındadır. Amma bu xətada ona tabe olanlar üçün əcrdən heç bir pay yoxdur. Çünki tabe olmağa ən layiq olanı haqqın özüdür.

Qısacası, deyilmiş o sözün buraxdığı pis mənadan Allaha sığınırıq. Şeyx o sözlərdən uzaqdır. Əgər o cür başa düşülübsə, Allahdan bağışlanma diləyirik. Qəsd olunan isə bu dediyimiz mənadır. Hələ də şeyxi uca tutur, onun fəzilətini və imamlığını etiraf edirik, iqrar edirik. Əksinə, qardaşların çoxu bunu eşidib ki, həmişə deyirdim ki, şeyxin bu universiteti bitirməsi bu universitet üçün fəxr sayılır. Dəfələrlə demişəm ki, şeyx Rabi (Allah onu hifz etsin) və şeyx Muqbil (Allah ona rəhmət etsin) bu universitet üçün alın açıqlığıdır. Onlar bu dünya üçün nemətdirlər. Həmçinin də başqa alimlər də vardır ki, bu universiteti bitirmişlər və Allah onların əli ilə insanlara faydalar vermiş, onların vasitəsilə ölkələrə və qullara həyat vermişdir. Belə alimlər çoxdur, bunlardan ikisi bu iki şeyxdir şeyx Muqbil (Allah ona rəhmət etsin) və şeyximiz şeyx Rabi (Allah ona hifz etsin).

Qəsd olunmuş məna bax budur. Şeyx barədə Allaha etdiyimiz etiqad budur.

Fitnələrin açıq–aşkarından da, gizlinindən də Allaha sığınırıq. Peyğəmbərimiz Muhəmmədə, ailəsinə və səhabələrinə Allahın salamı və salavatı olsun.

Zul-qadə ayının 15–i, 1431–ci il, altıncı gün, zöhr namazından sonra.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir