Oxunma sayı: 58

Sual # : Şeyx Albani – Ramazan nəsihəti


Sual:

Mübarək Ramazan ayı ilə bağlı bəzi faydalar söyləyə bilərsinizmi?

Tarix: 2018-02-04

Cavab # : Şeyx Albani – Ramazan nəsihəti


Şeyx Albani:
Allah Təbərakə və Təalə Qurani–Kərimdə buyurur:

Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən ) çəkinəsiniz. (əl-Bəqərə, 183)

Bu ayədə, hamınıza məlum olduğu kimi, Allah Təala Muhəmmədin (sallAllahu aleyhi və səlləm) ümmətinə xəbər verir ki, bizdən əvvəlki ümmətlərə fərz olunduğu kimi, bu ümmətə də, oruc tutmaq fərz olunmuşdur. Bu məsələ bu ayəni oxuyan və onun mənasını açıq–aydın başa düşən bütün müsəlmanlar üçün məlum olan bir məsələdir.

Lakin mənim danışmaq istədiyim başqa bir məsələdir ki, onun haqqında az danışılır və ya ümumi olaraq insanlar arasında az adam (bu haqda) danışır. Bu məsələ, Allah Təbərakə və Təalənin bu ayənin sonunda buyurduğu: “bəlkə (pis əməllərdən) çəkinəsiniz.” cümləsidir.

Allah Azzə və Cəllə öz mömin qullarına hər hansı bir şeyi əmr etdikdə və ya onların üzərinə hər hansı bir şeyi fərz etdikdə adətən həmin məsələni onun hikmətini bəyan etmədən qısa olaraq xatırladır. Bu ona görədir ki, Allah Azzə və Cəllənin öz qullarını ibadətlərlə mükəlləf etməsinin ümumi hikməti onları sınamaq və onların arasında itaətkar olanları və Onun əmrlərinə qarşı çıxanları aşkara çıxarmaqdır. Lakin O, bu ayədə Qurani–Kərimdə nadir olan bir məsələni zikr edərək oruc tutmaq əmrinin səbəbini açıqlayır və həmin məsələ Allah Təalənin buyurduğu “bəlkə (pis əməllərdən) çəkinəsiniz.” cümləsidir.

Belə ki, oruc tutmağın möminlər üçün fərz olmasının hikməti yalnız nəfsə xoş gələn və mübah olan gözəl şeylərdən çəkinmək deyil, baxmayaraq ki, bu hər bir oruc tutan üçün vacib olan bir məsələdir. Lakin, Allah Azzə və Cəllənin “bəlkə (pis əməllərdən) çəkinəsiniz.” cümləsi ilə tamamlayaraq əmr etdiyi bu oruclarda məqsəd yalnız bu deyil. Yəni ki, oruc tutmağın vacib olmasının hikməti müsəlmanın Allaha itaətinin oruc ayında ondan əvvəlki vaxtda olduğundan daha da çox artmasındadır.

Həmçinin, imam əl–Buxarinin “Səhih”-də rəvayət etdiyi Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) “Kim yalan söz danışmağı və onunla əməl etməyi tərk etməzsə, onun yemək və içməyini tərk etməsinə Allah Təalanın ehtiyacı yoxdur” kəlamı bu ilahi hikməti açıq-aydın və kamil şəkildə izah edib açıqlamışdır. Yəni ki, Allah Azzə və Cəllə oruc tutmağı, yəni, hamıya məlum olan müəyyən məhdud vaxtlarda (mübahlardan) çəkinməyi fərz etməklə yalnız yeyib–içməyi tərk etməyi deyil, həmçinin, Allah Azzə və Cəllənin qadağan etdiyi günah və asiliklərdən çəkinməyi qəsd edir. Buraya yalan söz danışmaq və onunla əməl etmək daxildir. Belə ki, Peyğəmbər (sallAllahu aleyhi və səlləm) “bəlkə (pis əməllərdən) çəkinəsiniz.” ayəsini təsdiqləyir. Yəni ki, yemək-içməkdən çəkinməkdən əlavə Allah Azzə və Cəlləyə həmçinin haramlardan çəkinməklə, məsələn, qeybət, nəmmamlıq (söz gəzdirmək), yalan söz danışmaq, yalan şahidlik etmək və digər bunlar kimi hamımıza məlum olan pis əxlaqdan çəkinməklə, Allaha yaxınlaşasınız. Buna görə bütün müsəlmanlar bilməlidirlər ki, orucu pozan amillər yemək, içmək, cinsi əlaqədə olmaq kimi məlum olan yalnız maddi şeylər deyildir. Oruc yalnız bundan ibarət deyil. Buna görə bəzi alimlər orucu pozan amilləri bir-birindən ayıraraq iki qismə bölürlər.

Mənim bu mübarək vaxtda Allahın izni ilə haqqında danışmağı qəsd etdiyim məsələ budur. Xüsusən də, xatiblər və moizə verənlər adətən Ramazan ayında orucu pozan amillər haqqında danışdıqda yalnız daha öncə söylədiyimiz yemək, içmək və cinsi əlaqə kimi maddi amillər haqqında danışırlar. Lakin, müsəlmanlar üçün nəsihət verənlər və (xeyir işləri) xatırladanlar kimi onlar orucu pozan amillərin ikinci qisminə mümkün qədər daha çox diqqət yetirsinlər. Çünki insanlar adət olaraq hesab ediblər ki, oruc birinci növdən ibarətdir: Maddi orucu pozan amillərdən çəkinmək.

Lakin, burada digər orucu pozan amillər vardır ki, biz onları mənəvi amillər adlandıra bilərik. Siz Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) buyurduğu “Kim yalan söz danışmağı və onunla əməl etməyi tərk etməzsə, onun yemək və içməyini tərk etməsində Allah Təalanın ehtiyacı yoxdur” kəlamını eşitmisiniz. Buna görə hər bir oruc tutan şəxs özünə fikir verməlidir ki, o, yalnız maddi orucu pozan amillərdən çəkinir, yoxsa bununla yanaşı mənəvi orucu pozan amillərdən də çəkinir? Yəni, görsün ki, mübarək Ramazan ayı daxil olduqdan o, öz əxlaqını və davranışlarını gözəlləşdirib mi? Əgər bunu etmiş olarsa deməli Allah Təbərakə və Təalənin həmin ayənin sonunda buyurduğu “bəlkə (pis əməllərdən) çəkinəsiniz.” əmrini yerinə yetirmişdir. Lakin, o kəs ki, öz orucunu yalnız yemək və içməkdən çəkinməklə məhdudlaşdırıbsa və Ramazandan qabaq üzərində olduğu pis əxlaqını davam etdirirsə, bu cürə oruc Rəbbimizin Azzə və Cəllə “bəlkə (pis əməllərdən) çəkinəsiniz.” kəliməsi ilə bu mübarək ayın orucunun vacib olunmasının hikmətini açıqladığı oruc deyildir.

Buna görə biz müsəlman qardaşlarımıza nəsihət edib xatırladırıq ki, barəsində xatiblər və moizə verənlər tərəfindən çox az danışılan bu ikinci orucu pozan amili xatırlasınlar. Bundan başqa, bütün müsəlmanlar bu növ orucu pozan amillərə, mənəvi amillərə diqqət etsinlər. Mənim bu gözəl məclisdə iştirak edən müsəlman qardaşlarıma xatırlatmaq istədiyim məsələ budur. Bəlkə bunun səbəbi ilə onlar bu mübarək oruc ayında, Allah Təbərakə və Təaləyə daha çox yaxınlaşacaqlar. Hansı ki, biz Allah Təalədən diləyirik ki, bizim hamımızı orucu pozan maddi və mənəvi amillərdən çəkinməklə bu mübarək ayı haqqı ilə keçirmiş olaq.

Həmçinin, bu danışdıqlarıma əlavə olaraq istərdim ki, biraz sonra sizin diqqətinizə çatdıracağım bəzi məsələlərə önəm verəsiniz, hansı ki, bu məsələlər haqqında ümumi olaraq müsəlmanlar arasında və hətta elm adamlarının arasında bir çoxları bilmirlər. Bir hədis vardır ki, bir çox insanların tətbiq və əməl baxımından bu hədislə digər bir hədis arasında (mənaca) cəm edə bilməməkləri səbəbindən həmin hədis öz önəmini itirmişdir. Həmin bu hədis Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) buyurduğu: “Mənim ümmətim iftarı tələsdirib suhuru (imsakı) gecikdirdikcə xeyir üzərində olacaqdır” –hədisdir.

Burada iki məsələ vardır ki, bir çox insanlar üçün qaranlıq qalmışdır: iftarı tələsdirmək, suhuru isə gecikdirmək.

Birinci qaranlıq olan məsələyə, iftarı tələsdirmək məsələsinə gəldikdə, o, bəzi insanların zənn etdiyi kimi, digər bir hədisə mənaca ziddir. Həmin hədis Peyğəmbərin (sallAllahu aleyhi va səlləm) buyurduğu:

“Mənim ümmətim məğrib namazını tələsdirdikcə xeyir üzərində olacaqlar” hədisidir.

Demək, burada iki halı tələsdirmək üçün iki əmr gəlmişdir. Ona görə də bəzi insanlar hesab edirlər ki, hər iki halı birlikdə tələsdirmək mümkün deyil. İftarı və məğrib namazını tələsdirmək çox asandır. Bunu da Peyğəmbərimiz (sallAllahu aleyhi və səlləm) söz və əməllə bizə bəyan edib açıqlamışdır. Belə ki, o, üç xurma ilə orucunu açar sonra isə məğrib namazını qılardı və daha sonra əgər ürəyi istədikdə qayıdıb şam yeməyini yeyərdi. Bu günləri biz iki səhvə yol veririk. Birincisi, azanı müəyyən olunmuş vaxtından gecikdiririk. Sonra isə bu gecikdirmənin ardınca digər gecikdirmə gəlir: Biz yemək yeməyə başlayırıq. Yalnız az bir sayda insanlar çalışır və məğrib namazını məsciddə qılırlar. Lakin, əksər insanlar ilk olaraq azanı eşidincəyə qədər iftarı gecikdirirlər, azanı eşitdikdən sonra isə yalnız iftarı açmırlar, onlar oturub sanki nahar yeməyi və ya şam yeməyi yedikləri kimi, yemək yeyirlər. Bu gün mən bunu izləyib öyrəndikdən sonra təəssüflə deyirəm ki, yalnız İordaniyada deyil, əksər İslam ölkələrində, məğrib namazının azanı müəyyən olunmuş vaxtından sonra verilir. Bu da ona görədir ki, biz şəri əhkamlara istinad etməyi və onları tətbiq etməyi tərk etmiş və astronomik hesablamalara etimad edirik. Bu günləri “ruznamə təqvim” adlanan bir şeyə istinad edirik. Bu təqvimlər astronomik hesablamalara əsaslanır ki, bu hesablamara görə yer üzü düz hesab edilir və beləliklə, hesablamalar yer üzünün düz olması etibarı ilə aparılır. Halbuki, əslində yer üzü, xüsusən də bizim ölkəmizdə düzənliklər, vadilər, dağlar kimi bir–birindən fərqlənən formalardadır. Ona görə də, dəniz sahilini, dağları və düzənlikləri əhatə edən bir vahid təqvimin hazırlanması doğru deyil. Xeyr, hər bir yer üçün öz vaxtı (təqvimi) vardır. Buna görə də, hər kəs ki, öz yaşadığı şəhərdə və ya kənddə öz gözləri ilə Günəşin batmasını izləyə bilirsə, elə ki, gün batdı, bizə əmr olunan iftarı tələsdirmə vaxtı məhz budur. Biraz öncə xatırlatdığım hədisdə Peyğəmbərimiz (sallAllahu aleyhi va səlləm) buyurur:

“Mənim ümmətim iftarı tələsdirib suhuru (imsakı) gecikdirdikcə xeyir üzərində olacaqdır”.

Belə ki, Rəsulullah (sallAllahu aleyhi və səlləm) təlim və tətbiq etməklə bu sünnəni həyata keçirməyə həris idi. Təlimə gəldikdə, imam Buxarinin “Səhih”də təxric etdiyi hədisdə Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) belə söylədiyi rəvayət olunur:

“Əgər gecə bax buradan gələrsə – əli ilə şərqə doğru işarə etdi və gündüz bax buradan geriyə çəkilərsə – əli ilə qərbə doğru işarə etdi – və gün batarsa, oruc tutan orucunu açmalıdır”.

“Oruc tutan orucunu açmalıdır” kəliməsinin mənası nədir? Yəni, iftar (orucu açmaq) hökmünə daxil olmuşdur. Deməli, daha öncə peyğəmbərin (sallAllahu aleyhi və səlləm) iftarı tələsdirməyə təşviq etdiyi hökmün vaxtı gəlmişdir. Rəsulullah (sallAllahu aleyhi və səlləm) müsafir olduğu halda belə bunu tətbiqdə də, həyata keçirirdi. Bundan başqa, Səhih Buxaridə həmçinin rəvayət olunur ki, peyğəmbər (sallAllahu aleyhi və səlləm) səhabələrindən birinə əmr etmişdir ki, iftarı onun üçün tələsdirsin. O isə, söylədi: Ey, Allahın elçisi! Gündüz qarşımızdadır. Yəni, günəşin işığı sanki artıq yox olub, lakin onun şüası qərb tərəfdən hələ də görünməkdədir. Rəsulullah (sallAllahu aleyhi və səlləm) ona cavab vermədi, əksinə iftarı tələsdirmək əmrini yerinə yetirməyi bir daha təsdiqlədi. Hədisi rəvayət edən şəxs belə söyləyib:

“Biz gündüz işığını qarşımızda görürdük”.

Yəni ki, biz iftar edərkən Günəşin işığı elə idi ki, bizdən birimiz öz minik heyvanının üstünə çıxsaydı Günəşi görmüş olacaqdır. Günəş burada batdı və rəsulullah (sallAllahu aleyhi və səlləm) əmr etdi ki, iftarı tələsdirsinlər. Niyə? Xeyiri tələsdirmək üçün.

“Ümmətim iftarı tələsdirdikcə xeyir üzərində olacaqdır”.

Önəmli olan odur ki, biz şəriətlə tələsdirməli olduğumuz oruca diqqət yetirib xurma ilə açaq. Daha sonra isə namazı qılaq və sonra artıq insanlar oturub kifayət qədər qida qəbul etsinlər.

Bu mənim xatırlatmaq istədiyim ilk məsələdir, Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) tələsdirilməsini əmr etdiyi iki məsələnin cəm olunması. İlk əmr iftarı tələsdirmək, ikinci isə məğrib namazını tələsdirməkdir. Belə ki, sünnəyə uyğun olaraq iftar xurma ilə olmalıdır. Lakin əgər olmazsa, o zaman bir neçə qurtum su ilə də ola bilər. Sonra isə namaz camaatla məsciddə qılınmalıdır.

İkinci xatırlatmaq istədiyim məsələ daha öncəki hədisdə olan “suhuru gecikdirdikcə” kəlməsidir. Yəni, həmçinin, iftarı da, əksi (tez) etmək lazımdır. Çünki rəsulullah (sallAllahu aleyhi və səlləm) bizə iftarı tələsdirməyi əmr etmişdir, suhuru isə gecikdirmək lazımdır. Bu gün isə gerçək olan bunların əksidir. Çünki insanların çoxu fəcr vaxtı girmədən bəzən hətta bir saat qabaq suhur edirlər. Bu cürə etmək olmaz. Bu qövli (peyğəmbərin – sallAllahu aleyhi və səlləm – söz ilə buyurduğu) və əməli sünnəyə ziddir. Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) səhabələri suhuru gecikdirirdilər ta ki, onlardan hər hansı biri qida qəbul edərkən azan eşidincəyə qədər. Suhuru gecikdirirdilər. Peyğəmbərdən (sallAllahu aleyhi və səlləm) səhih olan bir hədisdə müsəlmanların fəxr etdiyi və İslamın qaydalarından hesab olunan İslamın yüngüllüyü haqqında bəyan olunur. Xüsusi ilə də, orucla əlaqəli olan məsələlərdə. Çünki orucu xüsusiləşdirmək üçün nazil etdiyi ayələrin sonunda Allah Azzə və Cəllə belə buyurur:

“Allah sizin üçün çətinlik deyil, asanlıq istayir.” (əl-Bəqərə, 185)

Belə ki, Rəsulullahın (sallAllahu aleyhi və səlləm) buyurduğu:

“Sizdən biriniz əlində boşqab olduğu halda azanı eşidərsə öz ehtiyacını tamamlamayınca yerə qoymasın”.

“Sizdən biriniz əlində boşqab olduğu halda” fərqi yoxdur, yemək boşqabı və ya süd və su olan qabı, suhur qəbul edənin qidalandığı istənilən şey, azanı eşidərsə deməsin ki, indi artıq qida haram olundu. Xeyr. Azan ilə qida yalnız qida qəbul etməyi bitirən kəs üçün haram olur. Öz ehtiyacı olduğu qədər qida qəbul etdikdən sonra onun üçün əlavə olaraq içki içmək və ya meyvə yemək olmaz. Lakin, əgər azanı eşitdiyi zaman qida və içkidən öz ehtiyacını tamamlamazsa peyğəmbər (sallAllahu aleyhi və səlləm) bunu etməyə (tamamlamağa) ona icazə vermişdir. O, açıq–aydın olan ərəb dilində söyləmişdir:

“Sizdən biriniz əlində boşqab olduğu halda azanı eşidərsə öz ehtiyacını tamamlamayınca yerə qoymasın”.

Burada azan dedikdə səhv olaraq imsak azanı adlandırılan birinci azan deyil, ikinci azan nəzərdə tutulur. Biz bunu bilməliyik ki, birinci azanı imsak azanı adlandırmağın heç bir əsli yoxdur. İmsak azanı ikinci azandır və bu Quranda açıq–aydın bildirilib.

Allah Azzə və Cəllə buyurub:

“Dan yeri söküləndə ağ sap (şəfəq) qara sapdan (gecənin qaranlığından) seçilənə qədər yeyin-için.” (əl–Bəqərə, 187)

Demək, fəcr namazını qılmaq icazəli olduğu vaxtda qida qəbul etmək haram olur. Bu iki məsələ bir-birindən ayrı deyildir. İmsak on beş dəqiqə qalmış və ya az və çox qalmış fəcr namazının vaxtı daxil olmamışdan qabaq olmur. Qətiyyən. Çünki namaz doğru fəcr vaxtında vacib olur və qida qəbul etmək haram olunur. Belə ki, bu iki məsələ bir-birindən ayrı deyildir. Buna görə, Buxari və Muslimin Abdullah ibn Ömər ibn əl–Xəttabdan rəvayət etdikləri hədisdə peyğəmbərin (sallAllahu aleyhi və səlləm) belə buyurduğu deyilir: “Bilalın verdiyi azan sizi aldatmasın”, yəni, birinci azan, “çünki o, azan verir ki, yatan oyansın, suhur qəbul edən isə suhurunu qəbul etsin. Odur ki, ibn Ummu Məktum azan verincəyə qədər yeyin və için.

İbn Ummu Məktumunun adı Amrdır, o kor idi və onun haqqında Allah Təala belə buyurub:
“O qaşqabağını sallayıb üzünü (yana) çevirdi. Yanına bir korun gəlməsinə görə.” (Əbəsə, 1–2)

Belə ki, ikinci olan qidanın haram olunduğu və fəcr namazının vacib olunduğu azanı verərdi. Bəs o, kor olduğu halda necə azan verərdi? Bu sual, təbii ki, bəzi insanların ağlına gəlir. Amr ibn Ummu Məktub məscidin tavanına çıxırdı, fəcri görmürdü. O kiminsə onun yanında keçməsini gözləyirdi və fəcrin zahir olub üfüqdə yayıldığını gördükdə ona “Səhərə çıxdın, səhərə çıxdın” deyə xəbər verərdilər. Bu zaman o, azan verərdi. Siz burada diqqət edib görürsünüz ki, Amr ibn Ummu Məktumun verdiyi azan fəcrin insanlar tərəfindən göründüyü və yollarda keçib getdikləri vaxtda olurdu. Belə ki, ona “səhərə çıxdın, səhərə çıxdın” deyildikdə o, azan verərdi. Deməli, məsələdə genişlik vardır, çünki müəzzin insanlar ona “səhərə çıxdın, səhərə çıxdın” deyincəyə qədər azanı gecikdirirdi. Həmçinin, Rəsulullah (sallAllahu aleyhi və səlləm) buyurur:

“Sizdən biriniz əlində boşqab olduğu halda azanı eşidərsə öz ehtiyacını ondan tamamlamayınca yerə qoymasın”.

Bununla, Allah Təala buyurduğu növbəti ayələrdə bu məsələni təsdiqlədi:

“Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O, (istəyir ki,) siz müddəti (buraxdığınız günlərin orucunu) tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız. Bəlkə şükür edəsiniz.” (əl-Bəqərə, 185)

Deməli, bir nəfərin “Əgər oruc tutan insan azanı eşidərsə və həmin zaman ağzında qidadan bir hissə olarsa onu çıxarsın” deməsi inkar olunan və sünnəyə müxalif olan fikirdir. Bu dində həddi aşmaqdır. Aləmlərin Rəbbi öz kitabında və peyğəmbərin (sallAllahu aleyhi və səlləm) sünnəsində bizə müraciət edib xatırladır ki, dinimizdə həddi aşmayaq. O Qurani–Kərimdə belə buyurur:

“Ey kitab əhli! Öz dininizdə həddi aşmayın! Allah barəsində yalnız haqqı deyin”. (Nisa, 171)

Peyğəmbərimiz (sallAllahu aleyhi və səlləm) buyurub:

“Dində həddi aşmaqdan çəkinin. Sizdən qabaq yaşayanlar dində həddi aşdıqları üçün həlak oldular” və ya “Sizdən qabaq yaşayanları dində həddi aşmaqları həlak etdi”.

Belə ki, peyğəmbər (sallAllahu aleyhi və səlləm) suhur qəbul edənin vaxtında genişliyin və fasilənin olması haqqında bizə bəyan etmişdir. O belə buyurmuşdur:

“Sizdən biriniz əlində boşqab olduğu halda azanı eşidərsə öz ehtiyacını tamamlamayınca yerə qoymasın”.

Belə ki, azan eşidən birisinə qida ağzında olduğu halda “Onu ağzından çıxarıb at yerə” söyləmək Allah və Rəsulunun dediklərinə müxalifdir və sünnədən deyil, əksinə, sünnəyə və Rəsulullahın əmrinə ziddir. Mən dəfələrlə bu barədə soruşulmuşam və bu cürə sualın yaranmasına imkan verməyəcəm. Sizə daha öncə demişdim ki, bu hədis ən məşhur olan sünnə kitablarında vardır ki, onlardan biri Əbu Davudun “Sünən”–idir. Bu kitab məşhur kutub sittə (altı kitab) sırasında sayca üçüncüdür. Onlardan birincisi Səhih Buxaridir, ikincisi Səhih Müslimdir, üçüncüsü isə Əbu Davudun “Sünən” əsəridir. Bu hədis orada mövcuddur. Həmçinin bu hədisi Əbu Abdullah əl-Həkim “Mustədrak” kitabında və sünnə imamı Əhməd bin Hənbəl öz məşhur Musnəd İmam Əhməd kitabında rəvayət etmişlər. Demək, bu hədis ğərib (qəribə) deyil, məşhur hədislərdəndir ki, onu sünnə imamları səhih isnadla rəvayət etmişlər.

Beləliklə, son olaraq deyirəm, ola bilsin sizdən birinizdə sual yaranıb ona inşallah cavab verəcəm. Və sözümə peyğəmbərin (sallAllahu aleyhi və səlləm) növbəti hədisi ilə son qoyuram:

“Həqiqətən, Allah onun rüxsətlərinin (asanlaşdırdığı dini hökmlərin) götürülməsini əmrlərinin yerinə yetirilməsini sevdiyi kimi sevir”.

Başqa bir rəvayətdə “Necə ki, ona qarşı asiliyin edilməsini sevmir”.

Buna görə, müsəlmana yaraşmaz ki, açıq–aşkar əmrə qarşı çıxıb peyğəmbərə (sallAllahu aleyhi və səlləm) bizim üçün yüngülləşdirdiyi şeydə itaət etməkdən boyun qaçırsın.

Bu qədər. Aləmlərin Rəbbi Allaha həmd olsun!

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir