Oxunma sayı: 66

Sual #892 : Şeyx Useymin – Ramazanın başlayıb və bitməsi ixtilafı ilə bağlı fətvalar


Aparıcı:

Mərhəmətli və Rəhmli Allahın adı ilə.

Həmd olsun Aləmlərin Rəbbi Allaha, Rəsul və peyğəmbərlər içində ən şərəfli olan peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və sahəbələrinə Allahın salavatı və salamı olsun!

Möhtərəm müsəlman qardaşlar!

Allahın salamı, rəhməti və bərəkəti sizin üzərinizə olsun!

Sizləri Qasim Universitetinin Şəriət fakultəsinin müəllimi və Uneyzə şəhərinin böyük məscidində xatib olan şeyx Muhəmməd ibn Salih əl-Useyminin səsli yazılan görüşündə xoş gördük. Bu mübarək və gözəl görüşdə şeyxi salamlayırıq.

Sudan, İraq və Yəməndən bir qrup qardaşlardan məktublar gəlib. Onların sualı budur: Bəzi insanlar Səudiyyə Ərəbistanı Krallığında təzə ayın görünməsi ilə oruc tuturlar. Bəziləri isə yaşadıqları ölkələrə uyğun (ayın görünməsi ilə) oruc tuturlar.

Bu səbəblə ramazan ayını müəyyən etməkdə bəzi ixtilaflar yaranır.

Allah sizi və bütün müsəlmanları xeyirlə mükafatlandırsın!

Tarix: 2018-01-28

Cavab #892 : Şeyx Useymin – Ramazanın başlayıb və bitməsi ixtilafı ilə bağlı fətvalar


Şeyx Useymin

Aləmlərin Rəbbi Allaha həmd olsun, peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və sahəbələrinə Allahın salavatı və salamı olsun!

Bu məsələ, yəni, təzə ay məsələsi haqqında elm əhli arasında ixtilaf vardır. Onlardan bəziləri hesab edirlər ki, əgər təzə ayın görünməsi bir yerdə şəriətə uyğun sabit olub təsdiqlənərsə, o zaman bütün müsəlmanlara əgər təzə ay ramazan ayıdırsa oruc tutmaq, əgər şəvval ayıdırsa orucu bitirmək vacib olur.

Bu imam Əhmədin məzhəbindən məşhur olan rəydir. Bununla, əgər, məsələn, Səudiyyə Ərəbistanında təzə ay görünərsə, bütün yerlərdə yaşayan müsəlmanlara bu görünməyə uyğun olaraq əməl etməklə, ramazanda oruc tutmaq, şəvvalda isə orucu bitirmək vacib olur.

Bu imam Əhmədin (Allah ona rəhmət eləsin) məzhəbindən məşhur olan rəydir. Onlar Allah Təalənin: “Sizlərdən bu aya çatan şəxslər (həmin ayı) oruc tutmalıdırlar.” (Bəqərə, 185) ayəsini dəlil olaraq gətirirlər.

Həmçinin, Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) buyurduğu: “Onu (təzə ayı) gördükdə oruc tutun və (bir daha) onu gördükdə orucu kəsin” hədisini dəlil gətirirlər. Onlar deyirlər ki, burada dünyanın bütün nöqtələrində yaşayan bütün müsəlmanlara müraciət olunur.

Digər alimlər isə deyirlər ki, ramazanda oruca başlamaq və şəvvalda orucu bitirmək yalnız təzə ayı özü görən insana və ya təzə ay görünən yerlərdə ayı görən digər insanların sözlərinə uyğun olaraq əməl edən insan üçün vacibdir.

Çünki elm adamlarının yekdil rəyinə görə təzə ay görünən yerlər bir-birindən fərqlənir. Onlar fərqlənirlərsə, o zaman hər bir ölkənin özündə ayın görünməsinə görə hökm vermək lazımdır.

Digər ölkələrə gəldikdə isə, əgər onların təzə ayı görmələri bir-birinə uyğun olarsa, o zaman (oruca başlamaq və ya bitirmək məsələsində) onlar bir-birinə tabedirlər, əks halda isə tabe olmurlar.

Bu rəy Şeyxul-İslam ibn Teymiyyənin seçdiyi rəydir. Bu rəydə olanlar Allah Təalənin “Sizlərdən bu aya çatan şəxslər (həmin ayı) oruc tutmalıdırlar.” (Bəqərə, 185) ayəsini və Rəsulullahın (sallAllahu aleyhi və səlləm) “Onu (təzə ayı) gördükdə oruc tutun və (bir daha) onu gördükdə orucu bitirin” hədisini dəlil gətirirlər.    

Yəni, müsəlman ölkələrindən birində təzə ayın görünməsi ilə ümumi olaraq hamı üçün də oruc tutmağın vacib olduğunu deyən alimlərin gətirdiyi eyni dəlildir. Lakin onların dəlildən nəticə çıxartmaqları bir-birindən fərqlənir.

Şeyxul-İslam ibn Teymiyyənin bu ayə və hədisə bu cür yanaşmasının səbəbi hökmün (təzə ayı) müşahidə edən və görənlə əlaqəli olmasıdır. Bu o deməkdir ki, təzə ayı görməyən və müşahidə etməyən şəxs üçün təzə ay ilə əlaqəli hökm vacib deyil.

Buna görə, təzə ay görünən yerlər fərqli olduqda, onlardan biri ayı görərsə ondan fərqlənən digər ölkələrdə ay görünməz. Beləliklə, təzə ayı görməklə bağlı əhkamlar onlar üçün sabit olmur.

Bu da, şübhəsiz ki, nəticə çıxarmaq baxımından birincisindən daha güclü səbəbdir ki, nəzəri və qiyas metodları da bunu təasdiqləyir. Ona görə də şəriət imsakı sübh çağının açılması ilə, iftarı isə günəşin batması ilə əlaqələndirib.

Allah Təalə belə buyurub: “Artıq (bu gündən) onlara yaxınlaşın və Allahın sizin üçün bəyəndiyinə nail olmağa çalışın. Dan yeri söküləndə ağ sap (şəfəq) qara sapdan (gecənin qaranlığından) seçilənə qədər yeyin-için. Sonra gecəyədək orucunuzu tamamlayın.” (Bəqərə, 187)

Demək, şəriət imsak hökmünü sübh çağının açılması, iftar hökmünü isə axşam çağı ilə əlaqələndirib. Peyğəmbər (sallAllahu aleyhi və səlləm) belə buyurub: “İbn Ummu Məktumun azanını eşidincəyə qədər yeyib-için, çünki o, yalnız sübh çağı açılınca azan verir”.

Həmçinin, Peyğəmbər (sallAllahu aleyhi və səlləm) belə buyurub: “Gecə buradan gəlib şərqə doğru hərəkət edərsə, gündüz isə buradan gəlib – şərqə doğru işarə etdi – və Günəş batarsa, o zaman oruc tutan orucunu açmalıdır”.

Məlumdur ki, müsəlmanların icmasına (yekdil rəyinə) görə bu hökm bütün ölkələr üçün eyni deyil, bu hökm hər bir ölkəyə fərdi şəkildə məxsusdur.

Buna görə sübh çağının və Günəşin batmasından asılı olaraq şərqdə olan insanlar qərbdə olan insanlardan qabaq imsak edir və onlardan qabaq iftar edirlər.

Odur ki, gündəlik vaxtların hesablanması hər bir ölkədə özünəməxsus olduğu kimi, aylıq vaxtların da hesablanması hər bir ölkədə özünəməxsusdur.

Bununla məlum olur ki, ibn Teymiyyənin (Allah ona rəhm etsin) seçdiyi rəy dəlil və nəzəri baxımından daha doğru olan rəydir. Bu məsələdə həmçinin üçüncü rəy vardır ki, insanlar öz imamlarına (başçılarına) itaət edirlər.

Əgər ölkədə olan imam şəriət dəlillərinə əsaslanaraq təzə ayın daxil olması hökmünü verərsə ramazanda oruc tutmaq, şəvvalda isə orucu açmaq məsələsində bu hökmə uyğun olaraq əməl olunmalıdır.

Lakin əgər imam bu hökmü verməzsə, oruca başlayıb, orucu bitirmək vacib olmur. Bu rəyin dəlili Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) buyurduğu “Fitr (Ramazan) bayramı insanlar orucu bitirdikləri gündür, adha (Qurban) bayramı isə insanlar qurban kəsdikləri gündür” hədisidir.

Hal-hazırda da məhz buna uyğun olaraq əməl olunur. Buna görə də, biz sual verənə deyirik ki, insanlara müxalif olmamaq daha doğrudur. Yaxud da, daha doğru desək, insanlara müxalif olduğunu bildirməmək çox məqsədə uyğundur.

Əgər sən hesab edirsən ki, birinci rəy ilə, yəni, müsəlman ölkələrindən hər hansı birində təzə ayın görünməsi şəriətlə sabit olarsa buna uyğun hərəkət edilməlidir – rəyi ilə əməl etmək lazımdır, sənin yaşadığın ölkədə isə buna uyğun əməl olunmur və ya sən digər iki rəydən birini dəstəkləyirsən, bu halda müxalif rəydə olduğunu bildirməməlisən.

Çünki bu işdə fitnə, qalmaqal vardır, halbuki sən gizlicə ramazanın təzə ayı göründükdə oruc tutub, şəvvalın təzə ayı göründükdə isə orucunu bitirə bilərsən. Müxaliflik etmək isə olmaz və İslam dini buna yol vermir.

Aparıcı:

Bu məktub Pakistanda Karatçi şəhərində tibb üzrə təhsil alan İordaniyalı Hüseyn Mahmuddan gəlib. O soruşur ki, müsəlman ölkələri arasında ramazan və şəvval aylarında təzə ayın görünməsində fərq olmasının hökmü nədir?

Əgər bu fərq iki və daha çox günə çatarsa müsəlman nə etməlidir? Necə ki, məsələn bir kəs bir ölkədə oruc tutmağa başlayır, sonra isə ayın sonunda bu ölkəni (ayı görməkdə) iki gün qabaqlayan ölkəyə səfər etməli olur, onlada isə bayram daha tez olacaq. Bu halda həmin səfər edən insan nə etməlidir?

Həmçinin əgər zil-hiccə ayının görünməsində fərq olarsa, ərəfat günü, ondan bir gün qabaq və bir gün sonrakı günlərlə bağlı hökm və əməl necə olmalıdır?

Şeyx Useymin:

Bu məsələdə elm əhli ixtilaf ediblər. Onlardan bəziləri hesab edirlər ki, bütün müsəlmanlar (onlarda) birinin (təzə ayı) görməsi ilə əməl etməlidirlər. Yəni ki, müsəlman ölkələrindən birində təzə ayın görünməsi sübut olunarsa şərqdə və qərbdə olan bütün müsəlman ölkələrində onun hökmü sabit olur.

Məsələn, əgər təzə ay Səudiyyə Ərəbistanında görünərsə, yer üzündə yaşayan bütün müsəlmanlara bu görməyə uyğun oruca başlayıb bitirməklə əməl etmələri vacib olur.

Elm əhlindən digərləri hesab edirlər ki, ölkələr bir-birindən fərqləndiyi üçün hökm də fərqlidir. Belə ki, əgər bir yerdə, bir ölkədə (təzə ayı görmə) sabit olarsa, hətta ərazisi böyük olsa belə, digər ölkələrdən fərqli olaraq həmin ölkənin bütün ərazisində buna uyğun əməl olunmalıdır.

Bəziləri isə hesab edirlər ki, bu məsələdə təzə ayın görünmə yerlərinə uyğun əməl olunmalıdır. Belə ki, təzə ayın görünmə yerləri biri-birindən fərqlənərsə, o zaman vahid hökmə uyğun əməl etmək vacib deyil. Lakin ayın görünmə yerləri bir olarsa vahid hökmə uyğun əməl etmək vacib olur.

Belə ki, ölkələrdən birində təzə ay görünərsə və digər ölkələr ayın görünmə yerlərinə görə bu ölkəyə uyğun olarsa, bu zaman onlara da oruc tutmaq vacib olur, müxtəlif olduqda isə onlara da oruc tutmaq vacib olmur.

Dəlillər və zehni əlaqələndirmə baxımından doğru olan rəy də budur. Dəlilə gəldikdə, Allah Təalə buyurur: “Sizlərdən bu aya çatan şəxslər (həmin ayı) oruc tutmalıdırlar.”, yəni bu aya çatmayan şəxs üçün oruc tutmaq vacib deyil.

Həmçinin, Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurub: “Onu (təzə ayı) gördükdə oruc tutun və (bir daha) onu gördükdə orucu bitirin”. Bu şərti cümlədən başa düşülür ki, əgər biz onu görməsək bizə nə oruc tutmaq, nə də orucu bitirmək vacib deyil.

Məna və qiyas baxımından da bu elədir. Belə ki, gündəlik imsak və iftar məsələlərində ölkələrimiz bir-birindən fərqləndiyi kimi, həmçinin, aylıq oruca başlayıb bitirmək məsələlərində də fərqlənməlidirlər. Hər gün şərqdə yaşayanlar üçün Günəş qərbdə yaşayanlar üçün olduğundan daha tez batır.

Buna görə də, şərqdə yaşayanlar iftar etdikdə, qərbdə yaşayanlar hələ oruc tuturlar. Eləcə də şərqdə yaşayanlar qərbdə yaşayanlardan daha tez imsak edirlər. Şərqdə yaşayanlar onlarda sübh çağının açıldğı üçün oruca başlayırlar, qərbdə yaşayanlar isə onlarda sübh çağının hələ açılmadığı üçün yeyb-içirlər.

Əgər gündəlik imsak və iftar məsələsində fərq icma ilə sübut olunubsa, heç bir şübhəsiz ki, aylıq oruca başlayıb bitirmək də, onun mislindədir və burada heç bir fərq yoxdur. Lakin, bununla belə, biz deyirik ki, əgər bir insan bir yerdə olarsa, o, həmin yerə uyğun hərəkət edir.

Başçı oruc tutmaq əmrini verərsə, o, da oruc tutmalıdır, orucu bitirmək əmrini verdikdə isə, orucu bitirməlidir. Əgər bir nəfər təzə ay daha tez görünən bir ölkəyə gələrsə, yəni ki, məsələn, elə bir ölkədən gəlib ki, o ölkədə gəldiyi ölkədən iki gün qabaq oruca başlayıblar, bu zaman o gözləyir ki, səfər etdiyi ölkənin camaatı oruclarını bitirsinlər.

Əgər əksinə olarsa isə, məsələn, elə ölkədən gəlib ki, onlar oruc tutmağa səfər etdiyi ölkədən gec başlayıblar, bu zaman o həmin səfər etdiyi ölkə camaatı ilə birlikdə orucu bitirir, sonra isə qalan bitirmədiyi günləri qəza olaraq oruc tutur.

Çünki camaata müxalif olmaq olmaz, əksinə onlarla uyğunlaşır, əgər orucundan bir şey qalarsa, onu tamamlayır. Necə ki, məsələn, namaz əsnasında özünü imama çatdırır, onunla birlikdə namazdan çatdırdığını qılır, sonra isə çatdırmadığını özü tamamlayır.

Xülasə, bu məsələnin hökmü budur ki, alimlər bu məsələdə ixtilaf ediblər. Lakin, hər bir halda, sən hər hansı bir ölkədə olarsansa, onlarla birlikdə oruc tut və orucu bitir.

Lakin zilhiccə ayının görünməsinə gəldikdə isə, heç bir şübhəsiz, bu məsələdə mötəbər olan həcc əhkamları yerinə yetirilən ölkədir. Əgər orada təzə ayın görünməsi sübut olunarsa, ona uyğun əməl olunmalıdır. Bu məsələdə başqa ölkələrə baxılmır.

Çünki həcc bir müəyyən olunmuş yerdə olur və ondan başqasında olmur. Belə ki, həmin yerdə zilhiccə ayı üçün təzə ayın görünməsi sübuta yetirilərsə, bu zaman hökm sabit olur, digər yerlər ondan fərqlənsələr belə.

Aparıcı:

Ramazanda olan birinci hal ilə əlaqədar olaraq, əgər orucun tutulması baxımından irəlidə olan bir ölkəyə səfər edərsə, bunun mənası odur ki, həmin bu gecikən ölkə əhalisi ilə birlikdə oruc tutmağa davam edərsə, oruca başladığı ölkədə bayram olan gündə oruc tutmuş olur. Onun orucuna bunun heç bir təsiri yoxdur?

Şeyx Useymin:

Yox, onun heç bir təsiri yoxdur. Çünki burada önəmli olan orucu bitirərkən olduğu ölkədəki halıdır.

Aparıcı:

Deməli, önəmli olan orucu bitirdiyi yerdə olan halıdır?

Şeyx Useymin:

Bəli, olduğu yerdə olan haldır. Buna görə də biz deyirik ki, əgər vaxt baxımından gecikən ölkədən gələrsə, səfər etdiyi ölkənin camaatı ilə orucunu tamamlayır, sonra isə qalan günləri qəza olaraq tutur.

Aparıcı:

Allah sizə xeyir versin! Möhtərəm şeyx, bir dinləyici sual verir ki: “Mən eşitmişəm ki, Şeyxul-İslam ibn Teymiyyə (Allah ona rəhm etsin) öz əl-Fətava adlı kitabında bir ölkəyə uyğun digər ölkələrin oruc tutmasını və bir ölkədə Ramazanda təzə ayın görünməsinə uyğun digərlərinin əməl etməsini haram hesab edib. Bu doğrudurmu?

Şeyx Useymin:

Şeyxul-İslam hesab edir ki, oruc tutmaq təzə ayın görünməsi ilə vacib olur, şəvvalın təzə ayı görünərsə isə orucu bitirmək vacib olur. Fərqi yoxdur, digər yerlərdə görünüb yoxsa yox.

Əgər digər ölkələr təzə ayı görən ölkədən ayın görünmə yerlərinə görə fərqlənirlərsə, onlara ramazanın təzə ayıdırsa oruc tutmaq, şəvvalın təzə ayıdırsa orucu bitirmək vacib deyil.

Belə ki, o (Allah ona rəhmət etsin) belə buyurur: “Təzə ayın görünmə yerləri elm əhlinin yekdil rəyinə görə biri-birindən fərqlənirlər. Əgər təzə ayın görünmə yerləri bir olarsa, hamı üçün oruc tutub bitirmək vacib olur. Lakin əgər bir olmazsa, o zaman hər bir ölkə özünə görə hökm verir”.

Onun (Allah ona rəhmət eləsin) söylədiyi bu rəy, ən doğru olan rəydir.

Aparıcı:

Möhtərəm şeyx, Allah sizə bərəkət versin! Bir çox Afrika ölkələrində ramazanın təzə ayı görünməsi fərqlidir. Biz təzə ayı birinci gündə görə bilmirik. Bəzi insanlar İslam ölkələrində dinləyirlər ki, onlar ayı görüblər, buna görə onlarla birlikdə oruc tuturlar.

Bəziləri isə deyirlər ki, bizim təzə ayı görmə yerlərimiz həmin ölkələrdən fərqlənir. Buna görə insanlar böyük bir ixtilafa düşürlər. Onlardan bəziləri deyirlər ki, siz vəhabi ölkəyə itaət edirsiz. Söz-söhbət çox uzun olur. Bu məsələdə ən doğru olan rəy hansıdır?

Şeyx Useymin:

Ən doğru olan odur ki, onlar orada olan alimlərin və başçıların sözünü dinləsinlər. Çünki oruc günü insanların oruca başladığı gündür və bayram günü isə, insanlar orucu bitirdiyi gündür.

Hər hansı bir ölkəni izləmələrinə gəldikdə isə, halbuki, bu məsələdə hökm verməyə ixtiyarları olanlar onların hökm sahibləridir, onlar isə, digər ölkələri izləməyi doğru hesab etmirlər.

Bu halda onların belə etmələri (digər ölkələri izləmələri) biz hesab edirik ki, səhvdir. Biz hesab edirik ki, onlar öz başçılarına itaət etməlidirlər. Əgər onlar yeni ayın girməsi haqda hökm versələr, onlara ramazan daxil olduqda oruc tutmaq, bayram gəldikdə isə orucu bitirmək vacib olur.

Demək, insanlar imamlarına tabedirlər, əgər o oruca başlasa, onlar da başlayır, bitirsə isə onlar da bitirməlidirlər.

Aparıcı:

Allah sizdən razı olsun, möhtərəm şeyx, elminizə bərəkət versin, İslam dinini və müsəlmanları sizdən faydalandırsın.

Möhtərəm müsəlman bacı və qardaşlar, sizin suallarınıza Qasim Universitetinin Şəriət fakultəsinin müəllimi və Uneyzə şəhərinin böyük məscidində xatib olan şeyx Muhəmməd ibn Salih əl-Useymin cavab verdi.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir