Oxunma sayı: 55

Sual # : Müfti Şeyx Abdul-Aziz Ali Şeyx – Namaz qılmayanın hökmü


Sual:

Allah sizin savabınızı artırsın, möhtərəm şeyx!

Daimi elmi araşdırmalar və fətvalar mərkəzinin daha üstün sayılan, sizin də üstün hesab etdiyiniz namazı qılmayanın kafir olması haqqında fətvası vardır. Həmin fətva üzərində çoxsaylı məsələlər məsələn, namaz qılmayanla arvadının boşanması və sairə qurulmuşdur. Biz bir şəxsə kafir qərarı verdiyimiz zaman artıq ona müxtəlif hökmlər tətbiq edilməlidir. Bu hökmlərin icrası üçün şəxsə kafir qərarı verməyə kimin səlahiyyəti çatır?

Tarix: 2018-01-14

Cavab # : Müfti Şeyx Abdul-Aziz Ali Şeyx – Namaz qılmayanın hökmü


Şeyx Abdul-Aziz Ali Şeyx:

Ey qardaşlarım, əsas olaraq məsələn, namazı qılmayan kafirdir deməklə yanaşı biz bu hökmü ona nə zaman veririk? Əslində Peyğəmbər (sallAllahu aleyhi və səlləm) namazı qılmayanı vəsf edərkən onun küfr etdiyini buyurmuş və beləliklə də küfr sözünü ona aid etmişdir. Quran və Sünnədə varid olan dəlillərdə də namazı qılmayan küfrə yol verən kimi vəsf edilmişdir.

Uca Allah buyurur:

“Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onlar sizin din qardaşlarınızdır”

Bundan irəlidəki ayədə isə buyurulur:

“…onları sərbəst buraxın.”

Ayə dəlalət edir ki, qardaşlıq yalnız tövbə etdikdən sonra namazı qılmaq və zəkat verməklə olur. Həmçinin sərbəst buraxmaq da, bunları yerinə yetirdikdən sonra olur.

Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurmuşdur:
“Bizimlə onlar arasında əhd namazdır. Kim onu tərk edərsə artıq küfr etmişdir.”

Alimlər məhz burada ixtilaf etmişdir. Hədisdəki küfrə görə insan ümmətdən kənar sayılırmı və namazı qılmadığına görə İslam dinindən üz çevirən mürtəd olurmu? Yoxsa bu küfr insanı ümmətdən kənar etməyən və etiqadla bağlılığı olmayan əməli küfrdür.

Alimlərin bu haqda iki məşhur rəyi vardır. İbn əl-Qeyyim (rahiməhullah) “Namaz” adlı kitabında bu iki rəy barədə danışmışdır. O, təkfir edənlərin və təkfir etməyənlərin dəlillərini qeyd etmişdir. Mövzunun ağır olduğunu və eləcə də, araşdırmalardakı çətinlikləri görən İbn əl-Qeyyim hansı rəyin daha doğru olduğu haqda qərar verməmişdir. Lakin o, son olaraq buyurmuşdur:

“Həqiqətən küfrün də, imanın da, nifaqın da mərtəbələri vardır”.

İbn əl-Qeyyim bu cür danışmaqla məsələnin çox təhlükəli olduğunu və kafir hökmü verənin böyük məsuliyyət daşıdığını bildirmişdir. Namaz qılmayanın kafir olduğunu söyləyənlər olsa belə, bu kimi hökmlər yalnız hakim tərəfindən verilə bilər. Əgər hakim açıq–aşkarda hökm kəsməzsə həmin şəxsə kafir qərarı vermərik. Namaz qılmayanın dindən kənar olduğunu söyləyənlərin namazı qılmamaq küfrdür sözlərindən sonra, ona hansı hökmlər tətbiq edilir – deyə soruşduqda onlar deyir:

Meyiti yuyulmaz, cənazə namazı qılınmaz, müsəlman qəbiristanlığında dəfn olunmaz, arvadı ona, 0 da arvadına, əgər ondan öncə ölərsə miras qoymaz. Bu hökmlər kafir qərarı verənlərindir.

Namazı qılmamağın insanı dindən kənar etməyən küfr olduğunu deyənlər isə, belə hökmlərə əsaslanmırlar. Ona görə də bu cür məsələləri yalnız şəriət hakimi araşdıra bilər. Hakimin mübahisələrə son qoyan qərarı olmadan yuxarıdakı hökmləri kiməsə aid etməyə heç bir insanın səlahiyyəti çatmır.

Sual:

Möhtərəm şeyx, yəni, bu yalnız alimlərə məxsusdur?

Şeyx Abdul-Aziz Ali Şeyx:

Yalnız alimlərə məxsusdur. Çünki, məsələn, mən özüm bundan çəkindirirəm və dəlilləri bəyan edirəm. Lakin onun tətbiqi yalnız şəriət hakiminə aiddir. O hansı rəyi doğru hesab edirsə ona uyğun hökm verir. Həqiqətdə bəzi alimlərə görə namazı qılmayana küfr hökmü vermək üçün, mütləq onun namazı tam tərk etdiyini bilmək lazımdır. Mövzuya diqqətlə nəzər salsan və düşünsən görərsən ki: mən filankəsi ildə və ya ayda beş dəfə izlədim və onun namaz qıldığını görmədim – sözlərini heç kəs söyləyə bilməz. Bunun üçün tam sübuta yetmiş hökm olmalıdır. Müsəlman gərək insanlara şəriət hökmlərini bəyan etsin. İzzət və Cəlal sahibi olan Allah Öz qullarına himayədarlıq edər.

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir