Oxunma sayı: 122

Sual #83 : Şeyx Useymin – “O şəhiddir” demək


Sual:

Möhtərəm şeyx! Peyğəmbər (sallAllahu aleyhi və səlləm) demişdir: “Şəhidlərin seyidi Həmzədir…” Bir kəsi şəhid adlandırmağın qaydası nədir? Döyüşdə ölən bir kəsə şəhid demək olarmı? Yaxud saleh bir insan həbs edilir və zindanda vəfat edir, o kəsə şəhid demək icazəlidirmi?

Tarix: 2017-12-03

Cavab #83 : Şeyx Useymin – “O şəhiddir” demək


Şeyx Useymin:

Şübhəsiz ki, şəhid sözü insanın sevdiyi bir sözdür.

Uca Allah buyurur:
“Şəhidlər isə öz Rəbbi yanındadırlar. Onların öz mükafatları və öz nurları vardır.” (Hədid surəsi, 19)

Lakin Allah rəsulunun (sallAllahu aleyhi və səlləm) şəhid adlandırdıqlarından başqa bir kəsi xüsusiləşdirərək şəhid adlandırmaq olmaz.

Əgər görsək ki, bir nəfər kafirlərlə döyüşüb, öldürüldü.
Biz ona şəhid demirik. Fəqət deyirik: “Şəhidlərdən olmasını diləyirik!”
Yaxud ümumi olaraq deyirik ki, Allah yolunda öldürülən hər kəs şəhiddir. Çünki şəhadət bizdən gizli olan bir məsələdir və qəlbdəki niyyətə bağlıdır. Qəlbdə olan niyyət isə bizə məlum deyil.

Məhz bu səbəbdən də, Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurmuşdur: “Hər yaralanan kəs Allah yolunda yaralanmır. Uca Allah Onun yolunda yaralanan kəsin kim olduğunu daha yaxşı bilir!”

Məsələyə bu cür yanaşmaq ən ehtiyatlı yanaşmadır. Sanki Peyğəmbər (sallAllahu aleyhi və səlləm) demək istəyir ki: “Hər öldürülən, yaxud yaralanan kəsin Allah yolunda olduğuna hökm verməyin, çünki Allah həqiqətən, Onun yolunda kimin yaralandığını yaxşı bilir.”

Belə olduğu təqdirdə, biz məsələni zahirinə görə qiymətləndirmirik. Yəni, demirik ki, filankəs şəhiddir. Çünki ola bilsin ki, onun qəlbində nəsə olsun, lakin biz bundan xəbərsiz olaq. Ola bilər ki, kimsə ona “şücaətlidir!” desinlər deyə döyüşür. Ola bilsin ki, milliyyətçilik uğrunda vuruşur, yaxud təəssübkeşlikdən dolayı vuruşur. Və ola bilər ki, Allahın kəliməsinin uca olması uğrunda döyüşür. Məhz bu Allah yolunda döyüşməkdir. Yəni, bu niyyətə bağlıdır.

İkincisi, Biz demirik: “filankəs şəhiddir!” Çünki onun şəhid olduğunu söyləsək, gərək onun Cənnətlik olduğuna da şahidlik edək. Çünki, şəkk yoxdur ki, hər bir şəhid Cənnətlikdir. Biz isə Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) şahidlik etdiklərindən başqa, kiminsə müəyyən olaraq Cənnət əhli olduğuna şahidlik edə bilmərik.

Ola bilər ki, biz kiminsə şəhid olduğunu deməyək, lakin həqiqətdə isə, o Allah dərgahında şəhidlərdən sayılsın. Bizim ona şəhid deməməyimizin ona bir zərəri varmı? xeyr!
Yaxud, ola bilər ki, biz kiməsə şəhid deyək, lakin həqiqətdə isə, o Allah qatında şəhidlərdən sayılmasın. Belə olan halda, bizim ona şəhid deməyimizin ona heç bir faydası yoxdur! 

Bir haldakı, məsələ belədir, elə isə nə üçün bilmədiyimiz bir şey haqda susmayaq?

Lakin (ümumi olaraq) deyirik ki, kim Allah yolunda vuruşarsa, o şəhiddir. Həmin şəxsin Allah yolunda döyüşənlərdən və şəhidlərdən olmasını diləyirik!

Fatvalar.com - Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun (Nəhl, 43)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir